Ceffri Epşteyn verdiyi müsahibədə amerikalı milyarder Devid Rokfellerin Şimali Amerika, Avropa və Asiyadan olan siyasətçiləri və iş adamlarını bir araya gətirmək məqsədilə yaratdığı “Üçtərəfli Komissiya” haqqında diqqətçəkən açıqlamalar verib. Epşteyn bu qurumun bəzən dünyanı idarə edən “İlluminati”yə bənzər gizli bir təşkilat kimi təqdim edildiyini iddia edib.
Turkustan.az xəbər verir ki, ABŞ-da yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi idarə etmək ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan Epşteynin müsahibəsi, ABŞ Baş prokurorunun müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıldığını açıqlamasından sonra gündəmə gəlib.
Xarici medianın məlumatına görə, açıqlanan materiallar arasında Epşteynin ölümündən əvvəl ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennona verdiyi müsahibə xüsusi diqqət çəkib.
Həmin müsahibədə Epşteyn biznes və siyasi dairələrdəki yüksək səviyyəli əlaqələrindən danışaraq, Devid Rokfellerlə sıx münasibətdə olduğunu bildirib. Onun sözlərinə görə, Rokfeller qlobal siyasətin biznes liderləri və digər təsirli fiqurlarla birlikdə müzakirə olunmalı olduğunu düşünür və bu yanaşma əsasında “Üçtərəfli Komissiya” yaradılıb.
Epşteyn qeyd edib ki, sözügedən qurum əsasən məsləhət platforması kimi fəaliyyət göstərmək üçün təsis edilib və Şimali Amerika, Avropa və Asiyadan olan nüfuzlu siyasətçilər və iş adamlarını bir araya gətirib. O, bu təşkilatın bəzən “dünyanı idarə edən gizli bir cəmiyyət” kimi təqdim edildiyini iddia etsə də, Rokfellerin bu iddiaları rədd etdiyi vurğulanıb.
Müsahibənin davamında Epşteyn gənc yaşlarında Rokfeller Fondu və “Üçtərəfli Komissiya” ilə əlaqələrinin olduğunu, bu dairələrdə Nobel mükafatı laureatları, yüksək vəzifəli siyasətçilər və iri biznes nümayəndələri ilə görüşdüyünü də bildirib.
Aytən Yaşar/ Turkustan.az