Suriya Prezidenti Əhməd Şəra BMT Baş Assambleyasının 80-ci sessiyasında mühüm çıxış edib.
Turkustan.az xəbər verir ki, 58 ildən sonra BMT-də çıxış edən ilk Suriya lideri olan Şəra, ölkəsinin yeni və çətin bir mərhələyə qədəm qoyduğunu bildirib və Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edib.
Şara çıxışında bildirib: “Biz qisas üçün deyil, ədalət üçün mübarizə apardıq. Qarşımızda çətinliklərlə dolu yeni bir səhifə açırıq. Beynəlxalq ictimaiyyətdən 1974-cü il razılaşmasına əsaslanaraq, hücumlara qarşı bizimlə həmrəy olmasını gözləyirik”.
O, çıxışında Suriya daxilində aparılan islahatlara da toxunaraq deyib: “Köhnə rejim devrildikdən sonra biz çox aydın bir siyasət ortaya qoyduq. Təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf əsas prioritetlərimizdir. İtkin düşənlərlə bağlı xüsusi komissiya yaratdıq. İndi parlament üçün yeni institutlar qurur, qanunvericilik sahəsində islahatlar aparır, köhnə strukturları dəyişirik”.
Suriya lideri əlavə edib ki, həm qlobal, həm də regional tərəfdaşlarla birgə çalışaraq sanksiyaların aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb: “Bir çox beynəlxalq şirkətlər artıq Suriya bazarına daxil olmağa başlayıb. Biz indi yeni bir Suriya qururuq — onun institutlarını və qanunlarını yenidən formalaşdırırıq. Suriya qədim sivilizasiya və mədəniyyət mərkəzi olaraq öz yerini bərpa edir”.
Aytən Yaşar/ Turkustan.az