Vall Street Journal qəzeti ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Koreyada yerləşən minlərlə ABŞ əsgərini geri çəkməyi nəzərdən keçirdiyini yazıb.
Turkustan.az xəbər verir ki, VSJ-nin məsələdən xəbəri olan müdafiə rəsmilərinə əsaslanan hesabatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Cənubi Koreyadakı hərbi mövcudluğunu nəzərdən keçirir.
Rəsmilər bildiriblər ki, Pentaqonun hazırladığı variantlardan biri 4500-ə yaxın hərbçinin çıxarılması və onların Quam və Hind-Sakit Okean bölgəsindəki digər ərazilərə köçürülməsidir.
Rəsmilər məsələnin Şimali Koreya ilə münasibətlərə dair qeyri-rəsmi siyasət araşdırması çərçivəsində Trampa təqdim edilmək üçün hazırlandığını bildirərək, bu ideyanın hələ müzakirə mərhələsində olduğunu bildirib.
Tramp prezident kimi ilk müddətindən bəri Cənubi Koreyadakı ABŞ hərbi mövcudluğunun dəyişdirilməsini tez-tez müzakirə edib. Hazırda bölgədə təxminən 28.500 Amerika əsgəri var.
Aytən Yaşar/ Turkustan.az