“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Xankəndidə qadınlarla görüş keçirib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsini Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən ictimai birlik fəaliyyətini artıq azad edilmiş, qurulan və inkişaf edən ərazilərdə davam etdirir.

Layihə çərçivəsində Xankəndi Tikiş evində çalışan qadınlarla maarifləndirici görüş keçirilmişdir. Görüşdə Xankəndi Xüsusi Nümayəndəliyinin səlahiyyətli şəxsləri, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə və ictimai birliyin üzvləri, Qarabağ Universitetinin müəllimi, layihənin eksperti Nigar Ramazanova, tikiş evində çalışan və əslən Qarabağdan olan 30 qadın iştirak etmişdir.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək layihənin məqsədi və bu məqsədə çatmaq üçün fəaliyyətlər barədə məlumat verdi. Öz çıxışında Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində iştiraklarının genişlənməsini qeyd edən M. Əlizadə, ölkəmizdə bu məsələnin gündəmdə olduğunu, qadınların müxtəlif sahələrdə iştirakçılığını artırmaq üçün dövlət siyasətindən danışdı. Qarabağ və Şərqi Zəngəzurda yaşayan qadınların qayıdışdan sonra proseslərdə daha fəal olmaları xüsusi vurğulandı.

Layihənin eksperti Nigar Ramazanova “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında məlumat verərək Xankəndi və bu inzibati əraziyə daxil olan Xocalı və Ağdərədə nəzərdə tutulan işlər, qayıdışdan sonra cəmiyyətə inteqrasiya, bu yolda rastlaşılan çətinliklər və onların aradan qaldırılması barədə geniş məlumat verdi. Ekspertindaha çox Xankəndinin iqtisadi, sosial və mədəni inkişafında tikiş fabrikində çalışan qadınların verə biləcəyi töhvələr barədə çıxışı sözün yaxşı mənasında müzakirələrə səbəb oldu. Müazkirələrdə çıxış edən qadınlar məsuliyyətlərini dərk etdiklərini, çətinliklərə rəğmən Qarabağın inkişafında yaxından iştirak etdiklərini bildirdilər.

Görüşdə iştirak edən şəhid ailələrinin nümayəndələri Qarabağın inkişafında yaxından iştirak etdikləri üçün ikiqat məsuliyyət daşıdıqlarını bildirdilər. Layihənin sonunda iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihənin hesabatında qeyd ediləcəkdir. Görüşün keçirilməsində dəstək olan Xankəndi Xüsusi Nümayəndəliyinə minnətdarlıq bildirilib.

Layihənin fəaliyyəti davam edir.


MANŞET XƏBƏRLƏRİ