Qəfil ölüm: Özündən əvvəl bu əlamətləri göndərir


Son zamanlar insanlar arasında qəfil ölümlərin sayında artım müşahidə olunur.

"Cebhe.info" xatırladır ki, bu ölümlərin səbəbi əksər hallarda ürək-damar sistemi xəstəlikləridir.

Təəssüf ki, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar sistemi xəstəlikləri səbəbindən baş verir. Ürək-damar sistemi xəstəliklərindən ölənlərin yüksək faizini cavanlar təşkil edir.

Bu da öz növbəsində insanda belə bir vacib sual yaradır: Qəfil ürəktutmasından əvvəl ürək-damar sistemi xəstəlikləri orqanizmə bununla bağlı siqnal ötürmür?

Bununa bağlı "Cebhe.info"-ya danışan invaziv kardioloq Şəmşir Vəliyev deyib ki, ürək xəstəliyi nəinki Azərbaycanda, eləcə də bütün dünya ölkələrində geniş yayılıb.

Onun sözlərinə görə, ürək xəstəliklərindən ölüm halı birinci yerdə durur:

“Ürək xəstəliyinin səbəbi müxtəlif olur. Bəzən orqanizmdə ürək-damar sistemi xəstəlikləri səssiz gedir və qəfil ölüm hallarının səbəbi 80 % ürəklə əlaqəli olur. Ümumiyyətlə, ürəkdə problem olduğu zaman müəyyən əlamətlər özünü büruzə verir. Bu zaman orqanizmin verdiyi siqnallara diqqət etmək lazımdır. Bunlara sinədə ağrı, sol qolda, sol kürəkdə və çiyində şikayətlərin özünü göstərməsi və s. aiddir.

Xüsusən də bu əlamətlər özünü fiziki hərəkət zamanı daha aydın göstərir. Bildirim ki, xəstəlik səssiz də gedə bilir. Məsələn, şəkərli diabet xəstələrində xəstəlik gizlin gedir, bu xəstələrdə infarkt hallarının başlıca səbəbi xəstənin öncədən bunu hiss etməməsidir. Ona görə də kardioloqlar şəkərli diabeti olan xəstələrə mütləq şəkildə ildə bir dəfə kardioloji "Check-up" müayinəsi məsləhət görür".


MANŞET XƏBƏRLƏRİ