Sabah Azərbaycan banklarında kredit faizləri azalacaq?


Mayın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Bu barədə AMB-dən bildirilib. Qeyd edək ki, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Maraqlıdır, sabahkı iclasda AMB faiz dəhlizini aşağı endirərsə, istehlak kreditlərinin faizləri də aşağı düşəcək?

Sözügədən məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, faiz dərəcələrinin təqribən 0,25% endirilməsi gözlənilir:

“Mərkəzi Bank artıq bir necə ildir ki, faiz dərəcələrini aşağı endirir. Bu, müsbət addımdır, davamlı olmasına ehtiyac var. Çox güman ki, sabah iclasda da həmin tendensiyaya sadiq qalacaqlar”.

Ekspert bildirib ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcələrini endirməsi bankların faiz dərəcələrinə çox da ciddi təsir etmir:

Yəni orta və uzunmüddətli dövrü nəzərə alsaq, müəyyən qədər təsiri olacaq. Amma faizlərin yüksək olması banklarda depozit faizlərinin də yüksək olması, inflyasiya ilə əlaqəlidir. Yəni Mərkəzi Bankın təsir imkanları və mexanizmləri çox azdır. Hər bir halda orta və uzun müddətdə Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması banklarda da faiz dərəcələrinin aşağı düşməsi ilə nəticələnməlidir. Amma bunun üçün zamana ehtiyac var”.


MANŞET XƏBƏRLƏRİ