Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır


Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Fərmana əsasən, mərkəzin “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib. Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində mərkəzin nizamnaməsini təsdiq edib Prezidentə məlumat verməlidir.

Məsələ ilə bağlı tanınmış radioloq həkim Aydın Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu həm özəl, həm də dövlət tibb müəssisələrinə aiddir:

"Bildiyimiz kimi, akkreditasiya hər hansı bir müəssisənin qaydalara uyğun fəaliyyət göstərib-göstərmədiyini və hüquqi əsasları müəyyənləşdirir. Fərmana əsasən, demək olar ki, həm dövlət, həm də özəl tibb müəssisələrində müəyyən yoxlamalar aparılacaq. Həmin müəssisələrin "Əhalinin sağlamlığı haqqında" Qanuna uyğun fəaliyyəti yoxlanılacaq.

Bundan əlavə, məsələn, hər hansı bir müəssisədə plastik əməliyyatlar olursa, həmin müəssisənin müvafiq lisenziyasının olub-olmaması yoxlanıla bilər".

O, insanların özəl klinikalara müraciət etməsinin səbəblərinə də aydınlıq gətirib:

"Bunun səbəblərindən biri TƏBİB-in tabeliyində olan dövlət xəstəxanalarında növbənin çox olmasıdır. Daha yaxşı xidmət göstərən müəssisələrdə növbə nisbətən daha çox olur.

Bu kimi müəssisələrdə növbə çox olmasa, niyə insanlar özəl müəssisələrə müraciət edib ödənişlə müayinə olunsunlar? Digər bir səbəb budur ki, maddi vəziyyəti yaxşı olan şəxslər daha komfort xidmət istədikləri üçün özəl xəstəxanalara müraciət edirlər.

Bununla yanaşı, istənilən xidmətin keyfiyyətini artırmaq üçün maddiyyat önəmlidir.

Dövlət xəstəxanalarında isə həkimlərin, işçilərin məvacibi aşağıdır. Həm də həkimlərə verilən bonus əlavələr çox kiçik, simvolik rəqəmlərdir və vaxtında da verilmir”.

Ekspert digər nüans kimi özəl müəsissələrdə olan bəzi xidmətlərin İcbari Tibbi Xidmətlər Zərfinə daxil edilmədiyini vurğulayıb:

“Məsələn, plastik əməliyyatlar, onkoloji, ruhi-əsəb xəstəliklərinin müalicəsi İcbari Tibbi Sığorta tərəfindən qarşılanmır. Bu tip səbəblərə görə insanlar özəl tibb müəssisələrinə müraciət etməli olurlar".


MANŞET XƏBƏRLƏRİ