İşğalda qalan 4 kəndin taleyi necə olacaq? – Açıqlama


Qazaxın 4 kəndinin hərbi müdaxilə olmadan Azərbaycana qaytarılmasından sonra müzakirə olunan mövzulardan biri də 4 anklav kəndin qaytarılıb-qaytarılmayacağıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, delimitasiya prosesi çərçivəsində anklav olan 4 kəndin qaytarılması məsələsi müsbət həllini tapacaq:

“Bu, bir qədər zaman tələb edir. İlkin razılaşmalar var. Yekun qərarın qəbul edilməsi üçün delimitasiya komissiyaları növbəti dəfə görüş keçirməlidir. Delimitasiya prosesinə mərhələ-mərhələ baxmaq lazımdır. Çünki bu, son dərəcə ciddi və vaxt aparan aktdır. Düşünürəm ki, zamanla digər məsələlər də həllini tapacaq”.

Siyasi şərhçi Tural İsmayılov isə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında delimitasiya ilə bağlı işlər sürətlənib:

“Rəsmi İrəvan uzun müddət şərti sərhədin delimitasiya edilməsi, ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı çağırışları, əsasən də, xarici havadarların göstərişi ilə cavabsız qoyurdu.

Qazaxın 4 kəndi qaytarıldıqdan sonra ilk dəfə iki tərəf arasında delimitasiya olunmuş dövlət sərhədləri ortaya çıxdı”.

T.İsmayılovun fikrincə, anklav kəndlərin qaytarılması məsələsi delimitasiya komissiyalarının növbəti iclasında müzakirə olunacaq:

“Həmin kəndlərin ətrafı Ermənistan əraziləri ilə əhatə olunub. Azərbaycanın həmin ərazilər azad olunduqdan sonra orada bərpa, quruculuq işləri həyata keçirməsi, əhalinin köçürülməsi müəyyən qədər vaxt tələb edən məsələdir”.


MANŞET XƏBƏRLƏRİ