DTX-nin videosundakı şok detal: Qutulardan “bin Laden” pulları çıxdı


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı son görüntülər ölkə gündəmini silkələdi. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2025-ci ilədək olan dövrdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırması faktı rəsmən açıqlanıb. Kadrlarda qutulara yığılmış manat və dollar bağlamaları ilk baxışda adi görünə bilər. Lakin diqqətli baxışdan yayınmayan mühüm detal var: bənövşəyi rəngli 500 avroluq əskinaslar.

Bu detal təsadüfi deyil. Əksinə, həmin pulların “tərcümeyi-halı”nı açan əsas ipucudur.

Qadağan edilmiş “bin Laden” pulları

bin laden.jpg (642 KB)

Dünya maliyyə sistemində 500 avroluq əskinasın xüsusi və eyni zamanda qaranlıq reputasiyası var. Avropada bu əskinaslara qeyri-rəsmi şəkildə “Bin Laden” deyirdilər. Səbəb sadə idi: hamı onların mövcudluğunu bilirdi, amma gündəlik dövriyyədə demək olar ki, heç kim görmürdü. Bu pullar daha çox iri məbləğli kölgə əməliyyatlarında istifadə olunurdu.

Avropa Mərkəzi Bankı 2016-cı ildə 500 avroluq əskinasların emissiyasının dayandırılması barədə qərar qəbul etdi. 2019-cu ilin aprelindən etibarən isə Almaniya və Avstriya daxil olmaqla bütün Avrozonada bu əskinasların buraxılışı tamamilə dayandırıldı. Rəsmi səbəb açıq idi: yüksək nominallı əskinaslar çirkli pulların yuyulmasını və terrorizmin maliyyələşdirilməsini asanlaşdırırdı.

DTX-nın yaydığı görüntülərdəki 500-lüklər məhz həmin “qara siyahı”ya düşmüş əskinaslardır.

Niyə məhz 500-lük? – Rüşvətin “qızıl standartı”

pullar.jpg (453 KB)

Ramiz Mehdiyevin evindən çıxan vəsaitin 500 avroluq əskinaslarla saxlanması təsadüfi seçim deyil. Bu, korrupsiya mexanizminin “logistika”sı ilə bağlı məsələdir.

Məsələn, 1 milyon dolları 100-lük əskinaslarla daşımaq üçün təxminən 10 kiloqrama yaxın yük tələb olunur və bu məbləğ böyük həcm tutur. Halbuki 1 milyon avronu 500-lük əskinaslarla topladıqda, çəki təxminən 2–2,2 kiloqram olur və kiçik bir əl çantasına rahatlıqla yerləşir.

Bu səbəbdən uzun illər ərzində beynəlxalq korrupsiya və “nağd ödəniş” praktikasında 500 avroluq əskinas ən əlverişli vasitə hesab olunub. Kompaktlıq, yüksək dəyər və iz buraxmamaq imkanı onu kölgə iqtisadiyyatının “qızıl standartı”na çevirib. DTX-nın videosunda görünən mənzərə də göstərir ki, söhbət adi yığımdan yox, sistemli və uzunmüddətli nağd kapital toplanmasından gedir.

Pullar uzun illərdir dövriyyədən kənardadır

rüşvət.jpg (351 KB)

Ən diqqətçəkən məqam isə zaman faktorudur. 500 avroluqların çapı 2019-cu ildə dayandırılıb. Bu gün Avropa banklarında həmin əskinası dəyişmək istəyən şəxsdən mənbə barədə ciddi izahat və sənəd tələb olunur. Nəzarət mexanizmləri xeyli sərtləşdirilib. Bu fakt göstərir ki, qutulardakı bənövşəyi bağlamalar son bir neçə ilin deyil. Onların böyük ehtimalla illər əvvəl – Ramiz Mehdiyevin hakimiyyət sistemində ən təsirli fiqurlardan biri olduğu dövrdə toplanması daha məntiqli görünür.

Pulların hələ də “qablaşdırılmış” vəziyyətdə qalması iki ehtimal yaradır:

qutuda.jpg (445 KB)

Birincisi – həddindən artıq çoxluq. Vəsait o qədər böyük olub ki, istifadə və ya xərclənmə ehtiyacı yaranmayıb.

İkincisi – leqallaşdırma riski. 500-lüklərin dövriyyədən çıxarılması və bank nəzarətinin güclənməsi bu vəsaiti faktiki olaraq “ölü kapital”a çevirib. Onu banka yerləşdirmək və ya xaricə çıxarmaq ciddi risk daşıdığı üçün vəsait seyflərdə və qutularda saxlanılıb.

DTX-nın əməliyyatı təkcə 17 milyonluq faktı deyil, bütöv bir idarəetmə modelinin anatomiyasını ortaya qoydu. Qutulardakı 500-lük avrolar göstərir ki, illər boyu formalaşmış “nağd pul sistemi” ən kompakt və ən gizli üsullarla işləyib. Bu bənövşəyi əskinaslar artıq Avropada çap olunmur. Lakin görünür, bəzi evlərin zirzəmilərində və seyflərində onlar hələ də “tarixi eksponat” və mümkün cinayət sübutu kimi qalmaqdadır.

Ramiz Mehdiyevin qutuları açıldıqca, içindən təkcə pullar deyil, həm də bir dövrün gizli mexanizmləri üzə çıxır. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ