ABŞ-Venesuela müharibəsi QAPIDA: Əsas hədəf neft yataqlarıdır? - ŞƏRH


ABŞ-la Venesuela arasında gərginlik son aylarda yenidən artıb. Trampın əvvəlki administrasiyası dövründə başlayaraq müxtəlif formalarda davam edən qarşıdurma indi həm siyasi, həm də geostrateji səviyyədə daha açıq şəkildə özünü göstərir. Vaşinqton Maduro hökumətini qeyri-legitim saymaqda davam edir və Karakasın beynəlxalq təcridinə yönəlmiş siyasətini sərtləşdirib.

Ekspertlərin fikrincə, Tramp dönəmində formalaşan bu xəttin kökündə Latın Amerikasında Rusiyanın və Çinin artan təsirinə qarşı önləyici mövqe tutmaq dayanır. Venesuela tərəfi isə ABŞ-ın addımlarını daxili işlərinə qarışmaq və ölkənin təbii sərvətlərinə nəzarət cəhdi kimi qiymətləndirir.

Maraqlıdır görəsən, ABŞ-ın Venesuela ilə müharibəyə başlama ehtimalı varmı və bu qarşıdurmanın əsas hədəfi ölkənin təbii sərvətlərinə nəzarət etməkdirmi? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə:

Məhəmməd Əsədullazadə

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Venesuelaya qarşı hərbi və siyasi təzyiqləri artırması, Venesuela sahillərinə hərbi kreyserlər, qırıcı təyyarələr və döyüş gəmiləri göndərməsi, bunu isə “narkokartellərə qarşı mübarizə” adı altında manipulyasiya etməsi, əslində əsas hədəfin Maduro hakimiyyətinin devrilməsi olduğunu göstərir. Burada məqsəd təkcə neft maraqları deyil. Məsələ ondan ibarətdir ki, Rusiya və Çin uzun illərdir Latın Amerikasında, xüsusilə də Venesuelada mühüm mövqe qazanıblar.

Donald Tramp administrasiyası isə Latın Amerikası və ümumilikdə Amerika qitəsində Rusiya ilə Çinin artan təsir dairəsini, eləcə də Çinin siyasi və iqtisadi maraqlarını zəiflətmək üçün Venesuelaya qarşı bu tədbirləri həyata keçirdi. Yəni Venesuela məsələsi əslində ABŞ prezidentlərinin deyil, ABŞ-ın qlobal geostrateji maraqlarının bir hissəsidir. Burada məqsəd Maduro hökumətini devirmək, onun yerinə ABŞ-a sadiq bir hökumət gətirmək, eyni zamanda Venesuelanın zəngin neft ehtiyatlarına nəzarət etmək və Rusiya ilə Çinin Latın Amerikasındakı mövqelərini zəiflətməkdir. Əgər Maduro hökuməti hakimiyyətdən getməzsə, ehtimal olunur ki, ABŞ Venesuelaya hərbi müdaxiləyə də əl ata bilər.

Çin öz investisiyalarını qorumaq üçün Venesuelaya hərbi gəmilər göndərə bilər, Rusiya isə artıq müəyyən silah tədarükü həyata keçirib. Lakin bu, ABŞ-ın təzyiqləri dayandıracağı anlamına gəlmir. Fikrimcə, vəziyyət istənilən an silahlı toqquşmaya çevrilə bilər.

ABŞ-ın bu qədər hərbi qüvvəni Venesuela sahillərinə toplaması, Maduro hökumətini devirmək və hərbi əməliyyat planını həyata keçirmək niyyətinin açıq göstəricisidir. Əgər yeni dünya siyasi nizamından danışırıqsa, deməli, ABŞ-ın Venesuelaya müdaxiləsi bu yeni nizamın bir hissəsi ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ