Millətə dərs keçən "əxlaq keşikçiləri"nə


Zaur Bayramlı/siyasi şərhçi

44 günlük savaşımız zamanı "sülh göyərçinləri" peyda olduğu kimi indi də Rəisi məsələsinə görə "humanizm quşları " peyda olublar və bunlar millətə "ağıl" verməklə, "əxlaq dərsi" keçməklə məşğuldurlar. Guya ümumiyyətlə ölümə, faciəyə sevinmək olmazmış, insan yaşadığı müddətdə nə qədər alçaq və şərəfsiz olsa da, ölən kimi "müqəddəsləşirmiş" və ona görə də bu "müqəddəsləri" ələ salmaq, hətta onların haqqında istehza ilə danışmaq qeyri-əxlaqi davranış imiş.

Bunların içərisində çox az hissəsi dərindən düşünməyə ehtiyac duymayaraq məsələyə sadəcə insani yöndən yanaşanlardır ki, onlarla çox işim yoxdur.

Amma çox hissəsi gizli irançılardır ki, bu məsələni fürsətə çevirmək istəyirlər.

Bunların arasında vaxtilə İran Mədəniyyət Mərkəzinin tədbirlərinə, eyni zamanda Ocaqnejadın dəvətlərinə qatılan jurnalistlər də var. Görünür ki, ürəklərində yatan nostaljik sevgi yenidən baş qaldırıb.

Birincisi, sosial şəbəkələrdən də göründüyü kimi, Azərbaycan xalqının cüzi istisnalar olmaqla əksəriyyəti bu hadisəyə sevinir və ya belə deyək ki, ən azından üzülmür və Azərbaycan xalqının bu münasibətinə əxlaqdankənar davranış, dolayısı isə xalqımızın əksəriyyətinə əxlaqsız deyənlərədir sözüm : əxlaqsız özünüzsünüz!!!

İkincisi, düşmənin ölümünə əlbəttə ki, sevinərlər. Əgər belə deyilsə, o zaman niyə qəhrəman əsgərlərimizin hər dəfə cəhənnəmə vasil etdiyi erməni ter*rorçularının sayını eşidəndə sevinirik? Məğər fars-molla rejimi Azərbaycana düşmən kəsilməyib??? Məğər İran rejimi 30 ildən artıqdır ki, düşmənimiz erməninin 2 ən böyük müttəfiqindən biri deyilmi?

Bizim - şəxsən mənim İran xalqı ilə heç bir problemim yoxdur. İranda hər gün qəza, xəstəlik və sairə səbəblərdən yüzlərlə, minlərlə insan ölür, bəyəm biz onlara sevinirik??? Əlbəttə ki, sevinmirik.

Mən bir Türk Millətçisiyəm, amma elə olub ki, molla rejimi tərəfindən övladlarının, anasının gözü önündə edam edilən bir fars üçün ağlamışam - çünki insanam.

Bu 35 ildə verdiyimiz hər Şəhidimizin axan qanında fars-molla rejimi təmsilçilərinin əli var. Onların - yəni fars-molla rejimi nümayəndələrinin arasında əlbəttə ki, Azərbaycan Türkləri də var, amma rejim mahiyyətcə fars rejimidir və mən fars rejiminə xidmət edən türkə də eyni dərəcədə nifrət edirəm.

Təəssüf ki, bu məsələyə sevinənləri qınayanlar arasında bir Şəhid oğlunun yazısına da rast gəldim. Utandım orda yazam ki, əziz qardaş, axı sənin atanı öldürməyə erməninin gücü çatmazdı - farsın və rusun köməyi olmasaydı. İndi sən atanı öldürənləri niyə müdafiə edirsən???

Başqalarını bilmirəm, şəxsən mən Güney Azərbaycan azad olmayınca və İran rejimi ermənilərlə birlikdə Azərbaycan xalqına qarşı etdiklərinə görə rəsmi olaraq üzr istəməyincə, İrana düşmən olaraq baxacağam. Bu dediklərim olduqdan sonra da dost olaraq yox, qonşu olaraq normal münasibət göstərmək olar.

Konkret olaraq İbrahim Rəisiyə gəlincə - o, İran-İraq müharibəsindən dərhal sonra qurulan və 10 min ilə 18 min arasında ifadə edilən iranlının edamına hökm edən şuranın ən önəmli üzvlərindən olub. Bu şura minlərlə rejimə müxalif Xəlqi-Mücahid üzvlərini və solçuları cəmisi 1-2 dəqiqə çəkən "məhkəmələrlə" edama məhkum edib ki, bunların içində çox sayda azərbaycanlılar da vardı. Həmin o minlərlə insanın cəsədi Tehranın Xavəran adlanan bölgəsində kütləvi şəkildə gömülüb. Bu gün Azərbaycandakı "humanizm quşlarının" müdafiəsinə qalxdıqları Rəisini İran xalqı öz arasında "Ayətullahi-edam" adlandırır.

Sosial şəbəkələr, özəlliklə Azərbaycanda "facebook" sosial şəbəkəsi xeyli dərəcədə toplumun sifətinin inikası məkanına çevrilib. İnanın ki, dünyanın bir çox beyin mərkəzləri hər şeyi izləyərək müəyyən qənaətlərə gəlir və bu qənaətlər əsasında da qərarlar qəbul edirlər.

Təsəvvür edin Azərbaycan xalqı indi qoyduğu mövqenin tam əksinə olaraq, bu gizli irançıların görmək istədikləri kimi bir mövqe ortaya qoyaraq erməni ter*roristlərinin ən yaxın müttəfiqlərinin ölümünə kütləvi şəkildə üzülsəydi, bizi izləyən həmin o beyin mərkəzləri Azərbaycan xalqının dostu düşməndən ayıra bilməyən balıq hafizəli xalq olduğu qənaətinə varacaqdılar. Yaxşı ki, azlıqda qalan "humanizm quşları"na rəğmən, müdrik xalqımız yaxşını pisdən ayırmağı bilir.

Elə bu yaxın illərdə Qorbaçovun, Jirinovskinin və başqa haqlı olaraq sevmədiyimiz birilərinin ölümünə sevinmədikmi?

Qısacası, Rəisilər, Abdullahiyanlar və sairələr Azərbaycan xalqının bu gün sərgilədiyi mövqeyi haqq edilər və bunun səbəbkarı da biz yox, onlar özləridirlər. Bunu Azərbaycan torpaqlarını işğal edənlərin yanında duranda, məscidlərimizdə donuz saxlayanlara dəstək verəndə, oğullarımızı qanlarına qəltan edən silahlara mərmi dolduranda fikirləşməli idilər bu gün tərəfimizdən söyüş və lağ obyekti olanlar.

Əslində bizim sevincimiz, gülüşümüz, istehsamız, lağlağımız İNSANA yox, REJİMƏ münasibətdir. Adlar önəmli deyil.

Əgər bənzər hadisə uzaq olsun, Türkiyə rəhbərlərinin başına gəlsəydi, Azərbaycanın əksəriyyəti buna çox üzülər, matəm tutardı. Çünki bunu da Türkiyə rəhbərləri özləri qazanıblar - düşmənimizin yox, bizim yanımızda durmaqla.

Təkrar edirəm - Azərbaycan xalqı müdrik xalqdır və bu müdrik xalq nəyə sevinəcəyini, nəyə kədərlənəcəyini çox yaxşı bilir və bu xalqa "ağıl" vermək istəyənlər bunu etmədən öncə fikirləşsinlər - kiməsə ağıl verəndən sonra özlərinə bir şey qalacaqmı...

P. S. Heç kim önümüzə Azərbaycan Prezidentinin və ya digər rəsmilərimizin rəsmi açıqlamalarını "dığarlamağa" çalışmasın. Diplomatik etiket əlbəttə ki, onları deməyi tələb edir. Əsas olan içində nə düşünməkdir - Prezident son 4 illik fəaliyyəti ilə elə bizim kimi düşündüyünü dəfələrlə ortaya qoyub.


MANŞET XƏBƏRLƏRİ