"Bosniyanın Qəssabı”na Serbiyada hərbi mərasim: Aİ-dən sərt reaksiya


Serbiya “Bosniyanın Qəssabı” kimi tanınan Ratko Mladiçin xatirəsinə Belqradda hərbi mərasim keçirilməsinə görə beynəlxalq tənqidlərə məhəl qoymayıb.

Turkustan.az xəbər verir ki, Hollandiyada həbsxanada avqustun 27-də vəfat edən Mladiç üçün Belqrad Ordu Evində anım mərasimi keçirilib. Təqaüdçü zabitlərin təşkil etdiyi tədbirdə ədliyyə naziri Nenad Vuyiç, yüksək vəzifəli şəxslər, Mladiçin keçmiş silahdaşları və tərəfdarları iştirak ediblər.

Mərasimdə bəzi iştirakçılar Mladiçin təsviri və “qəhrəman” yazısı olan köynəklər geyiniblər. Keçmiş silahdaşı general Jivomir Ninkoviç çıxışında Mladiçi tərifləyərək “Onsuz Serbiya Respublikası olmazdı” deyib.

Mladiçin dəfn mərasiminin sabah keçirilməsi planlaşdırılır. Onun Topçider qəbiristanlığında, 1994-cü ildə intihar etdiyi bildirilən qızı Ananın yanında dəfn olunacağı gözlənilir.

Serbiya Prezidenti Aleksandr Vuçiçin mərasimdə iştirak etməyəcəyi bildirilib. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos isə Mladiçin qəhrəmanlaşdırılmasını Avropa dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirərək Serbiyaya planlaşdırdığı səfəri ləğv edib.

Mladiç 1995-ci ildə Srebrenitsa soyqırımının əsas təşkilatçılarından biri kimi tanınıb. Həmin qətliamda 8 mindən çox bosniyalı müsəlman öldürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ