Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan üzrə son insan haqları hesabatında Taliban hakimiyyəti dövründə qadınların hüquqlarının daha da məhdudlaşdırıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, hesabata əsasən, qadınlar təhsil və məşğulluq imkanlarından məhrum edilməyə davam edir, geyim qaydalarına nəzarət isə xeyli sərtləşdirilib.
BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, qızların təhsil almaq hüququ ciddi şəkildə məhdudlaşdırılıb, qadınların böyük hissəsinin əmək bazarında iştirakının qarşısı alınır və onların kişi qohumu olmadan ictimai yerlərdə hərəkət etmələrinə müxtəlif yollarla maneələr yaradılır. Bəzi səhiyyə müəssisələri və iş yerləri isə kişi qohumu ilə müşayiət olunmayan qadınların qəbul edilməyəcəyi barədə xəbərdarlıqlar yayıb.
Hesabatda iyun ayında Heratda geyim qaydalarını pozduğu iddiası ilə çoxsaylı qadının saxlanıldığı bildirilir. Bundan əlavə, təhlükəsizlik qüvvələrinin saxlanılmalara qarşı keçirilən etiraz aksiyasına müdaxilə etdiyi və nəticədə silahlı insident nəticəsində ən azı bir nəfərin ölümü və çoxsaylı yaralanmaların baş verdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az