Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta bildirib ki, Avropa üçün yeganə uzunmüddətli həll öz enerji mənbələrini istehsal etməkdir.
Turkustan.az xəbər verir ki, Yunanıstanın Delfi şəhərində keçirilən Delfi İqtisadi Forumunda çıxışı zamanı qeyd edib ki, bu enerji mənbələri nüvə və ya bərpa olunan enerji ola bilər və bu baxımdan seçim fərq etmir.
Kosta həmçinin bildirib ki, İsrail və ABŞ-ın İrana hücumlarından sonra regionda yaranan gərginlik beynəlxalq hüquqa meydan oxuyur və bu vəziyyət qlobal iqtisadiyyata ciddi təsir göstərir. Onun sözlərinə görə, ən böyük risklərdən biri Hörmüz boğazının bağlanması ehtimalıdır.
Aİ rəsmisi tərəfləri gərginliyi azaltmağa və diplomatik yollarla uzunmüddətli atəşkəsə nail olmağa çağırıb, həmçinin sərbəst dəniz nəqliyyatının qorunmasının vacibliyini vurğulayıb.
Kosta əlavə edib ki, bu cür böhranlar Avropada enerji qiymətlərinin kəskin artmasına səbəb olur və buna görə də Avropa enerji sahəsində daha müstəqil olmalıdır.
Aytən Yaşar/ Turkustan.az