Rusiyada gərgin gecə: Penzadan Leninqrada qədər dron hücumları


Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bir neçə regionunda hədəflərə zərbələr endirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, RBC-Ukraina-nın məlumatına görə, hücumlar Penza şəhəri, Lipetsk vilayətinin Usman yaşayış məntəqəsi, Leninqrad vilayəti, eləcə də digər bölgələri əhatə edib.

SHOT Telegram kanalı Penzada gecə ərzində ardıcıl partlayış səslərinin eşidildiyini yazıb. Sonradan zərbənin Rusiyanın iri dərman istehsalçılarından olan “Biosintez” ASC-yə məxsus sənaye obyektinə endirildiyi barədə məlumat yayılıb.

Usman şəhərində yerləşən neft emalı müəssisəsinin dron hücumundan sonra alovlandığı qeyd olunur. Leninqrad vilayətində isə zərərsizləşdirildiyi iddia edilən pilotsuz aparatın Berejki kəndi yaxınlığında kompressor stansiyasının ərazisinə düşdüyü bildirilir.

Eyni zamanda Sterlitamak və Tver şəhərlərində hava təhlükəsi siqnalı verilib, yerli sakinlər partlayış səsləri eşitdiklərini bildiriblər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ