İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş


Ermənistanda hökumət çevrilişi planlayan şəxslərə qarşı keçirilən əməliyyatın detalları məlum olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, arxiyepiskop Baqrat və digərlərinin çevriliş planı iddiası ilə saxlanılmasında sadəcə Ermənistan xüsusi xidmət orqanları iştirak etməyib. İtihham olunan şəxslər bir müddət izlənilib, onların telefonları dinlənilib, haqlarında lazımi məlumatlar toplanılıb, daha sonra hərəkətə keçilib. Hətta Baqrat və digərlərinin konkret səs yazısının olduğu deyilir.

Qəzetin məlumatına görə, arxiyepiskop və digərlərinin səs yazılarını Britaniya kəşfiyyatı qeydə alıb və İrəvana təqdim edib. Bütün bunların Rusiyanın Ermənistan ərazisindən çıxarılması prosesinin bir parçası olduğu, bu əməkdaşlıq vasitəsilə ölkədəki anti-Rusiya əhvalının da gücləndirildiyi bildirilir.

Sözügedən səs yazılarının saxlanılan şəxslərin məhkəməsində təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, aprel ayında Ermənistanın Baş naziri Nikol Paşinyanın Estoniyaya səfəri zamanı Tallində Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının (Mı6) rəhbəri Riçard Murla gizli görüş keçirildiyinə dair məlumat yayılmışdı. Lakin bu xəbər rəsmi şəkildə təsdiqlənməmiş və görüşün səbəbinə aydınlıq gətirilməmişdi. “Hraparak”ın məlumatı gizli görüşlə bağlı iddiaların doğrulanması kimi dəyərləndirilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ