44 günlük Vətən müharibəsi şəhidi, tibb xidməti Polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayev haqqında video-çarx hazırlanıb.
Turkustan.az xəbər verir ki, video-çarxda şəhid R.Abdullayevin həyat yolu və döyüş yolundan bəhs edilir.
Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub. 1992-ci ildə orta məкtəbi bitirib. 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində təhsil alıb.
2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını düşmən tərəfindən pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına”, “Vətən uğrunda” medallları ilə təltif olunub.