"Azərbaycan və Ermənistan 2020-ci ilin noyabr vəziyyətinə qayıda bilər" - Nə baş verir?


Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılmaması və fikirlərin səsləndirilməməsi, bu məsələnin sanki arxa plana keçdiyini düşünməyə vadar edir. Hərçənd Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək bu dəhlizin əhəmiyyətinin rəsmi Bakı və region dövlətləri üçün çoxböyük olduğu heç kimə sirr deyil. Bəs görəsən, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də öz aktuallığını qoruyurmu?

Mövzunu Konkret.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi arxa plana keçməyib.

Politoloq Əlimusa İbrahimov "Yeni TV"-nin canlı yayımında

“Amma biz bu gün Azərbaycan və Ermənistan arasında aktiv müzakirələrin aparılmadığının şahidi oluruq. Nə komissiyalar, nə də xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Amma bu, o demək deyil ki, tərəflər arasında bütün məsələlər dondurulub və olduğu kimi qalıb. Görünən odur ki, bağlı qapılar arxasında danışıqlar aparılır və yəqin ki, hələlik bu barədə ictimaiyyətə məlumatların verilməsi məsləhət görülmür. yalnız müəyyən nəticələr əldə edildikdən sonra informasiyalar ortaya çıxır. Zəngəzur dəhlizini və sülh müqaviləsini də bu qəbildən olan məsələlərə aid etmək mümkündür. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirilmirsə, bu, o demək deyil ki, Moskvada sözügedən məsələ müzakirə olunmayıb. Şübhəsiz ki, bu məsələlər Moskvadakı görüşlərdə müzakirə predmetinə çevrilib Eyni zamanda qarşıdan gələn BRİKS sammitində də sözügedən məsələlərin müzakirəsi aparılacaq. Bununla yanaşı İran və Rusiya arasında da danışıqlar gedir. Sadəcə ya ciddi nəticələr yoxdur, ya da tərəflər bunu elan etməyə hazırlaşırlar”.

Politoloqun sözlərinə görə, bu gün əsas diqqət Yaxın Şərq və Ukrayna məsələsinə yönəlib.

“Paralel olaraq Üçüncü Dünya Müharibəsinin baş verəcəyi gözlənilir. Həmçinin ABŞ və Gürcüstanda keçiriləcək seçkilər müzakirə olunur. Bütün bunların fonunda Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan məsələsi ilə bağlı mövzular kölgədə qala bilər. Amma bu, danışıqların aparılmaması və müzakirələrin getməməsi anlamına gəlməməlidir. Əksinə, hesab edirəm ki, Azərbaycan və Ermənistan hadisələrin çoxluğundan istifadə edərək öz işlərini görürlər. Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ və Gürcüstanda baş verən seçkilərdən sonra müəyyən irəliləyişlər ola bilər. Düşünürəm ki, Kazanda keçiriləcək müzakirələr zamanı iki ölkə liderlərinin görüşü baş tutacaq”.

Politoloq Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalına da toxunub:

“Ermənistanın üçtərəfli bəyannamədən öz imzasını geri götürməsi, müharibəyə gətirib çıxara bilər. Bu bəyannamə müharibənin bitdiyini elan etmişdi. İndi İrəvanın bəyannamədən imzasını geri çəkməsi ölkələri 2020-ci ilin noyabr vəziyyətinə qaytara bilər. Çünki bu, Ermənistanın təslimçilik aktı idi. Əgər İrəvan bundan imtina edirsə, deməli müharibə hələ bitməyib. Ona görə də, iki dövlət yenidən müharibə şəraitində ola bilər. Ancaq bu halda Azərbaycanın müharibəyə başlayıb-başlamayacağı sual altındadır. Hesab edirəm ki, Azərbaycan Zəngəzur dəhlizinə və digər məsələlərə görə hərbi əməliyyatlara başlamayacaq. Yalnız Ermənistan təhrik edərsə və beynəlxalq hüquqa uyğun olarsa, bu addım atıla bilər”.


MANŞET XƏBƏRLƏRİ