Le Monde: "AZƏRBAYCAN: yeni regional gücdür" - Rus sülhməramlılarının Qarabağdan çıxması...


Fransanın öndə gələn "Le Monde" qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub.

Turkustan.az Musavat.com-a istinadən həmin məqalənin tərcüməsini təqdim edir:

Qarabağdakı Rusiya sülhməramlılarının ərazidən çıxması fonunda Azərbaycanın dövlət başçısı İlham Əliyev bazar ertəsi, aprelin 22-də rusiyalı həmkarı Vladimir Putini Moskvada nəzakət xatirinə ziyarət etdi. Keçmiş qəyyum hesab edilən Rusiyanın əsgərlərinin regionu tərk etməsi azərbaycanlıların ürəyincə olsa da, dövlət başçısı rəsmiyyətə əməl etməyi diqqətə alaraq görüşün sonunda bəyan etdi ki, “Rusiya Qafqazın və hətta daha geniş coğrafiyanın regional təhlükəsizliyi baxımından fundamental ölkədir”.

2023-cü ilin sentyabrında Azərbaycan ordusu ildırım sürətli hərbi əməliyyatla Dağlıq Qarabağa nəzarəti bütünlüklə ələ aldıqdan və 120 minədək ermənini qovduqdan sonra Rusiya sülhməramlılarının da çıxarılması gündəmə gəlmişdi. Halbuki, onların mandatı 2025-ci ildə bitəcəkdi. 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra separatçı regiona yerləşdirilən 2000 nəfərlik rus sülhməramlı kontingentinin burada qalması üçün artıq bir əsas qalmamışdı. Bakıdan olan müstəqil tədqiqatçı Şücaət Əhmədzadənin fikrincə yeganə sual rusların nə zaman və necə gedəcəyi ilə bağlı idi.

Azərbaycan tərəfi bu vaxtından əvvəl gedişlə bağlı izahat verməyib. “İndiki mərhələdə gediş qərarının səbəbini bilmirik. Lakin ehtimal ki, bu qərarla Rusiya öz imicini qoruyub” – politoloq bildirir. 30 illik Qarabağ münaqişəsi dövründə Bakı həmişə rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxıb. 2020-ci ildə müharibə bitdikdən və Rusiya münaqişəni dondurmaq üçün vasitəçilik etdikdən sonra belə bir qərar aldı.

2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsi ilə regional balans dəyişdi. Əhmədzadə deyir: “Bundan sonra Rusiya öz prioritetlərini təkrar nəzərdən keçirdi. Ukraynaya görə Qafqaz Rusiyanın təsir zonası kimi ikinci plana keçdi. Moskva nə Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış edə, nə də bu regionda əvvəlki kimi hərəkət edə bilir”.

Azərbaycan bu gedişdən yaranan boşluğu doldurmaq qərarına gəlir və keçmiş himayəçi güc indi Bakının müttəfiqi olan Türkiyə ilə əvəzlənir. Həm də gözlə görülən şəkildə.

Aİ ilə qaz sazişi

Ankaranın dəstəyi ilə hərbi uğurlardan sonra güclənən, 2023-cü ildən prezident kürsüsündə olan İlham Əliyev regionda getdikcə daha vacib aktora çevrilir. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaratdı: Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır. Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzaladı. Sazişə görə Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.
Birinci Qarabağ müharibəsindən məğlub ayrılan Azərbaycan sonradan neft pulları sayəsində hərbi gücə çevrilməyi bacardı. Əhmədzadənin fikrincə, “Azərbaycan artıq Polşa və ya Qazaxıstanla müqayisə edilə biləcək orta səviyyəli gücə çevrilib”.

Qafqaz üzrə ekspert Kiril Kirvoşeyev bildirir ki, Azərbaycan “kim güclüdür, o haqlıdır” prinsipini rəhbər tutaraq, problemi yarımmüstəqil həll etmək qabiliyyətini sübuta yetirdi. 22 apreldə Rusiyanın Birinci kanalında rus sülhməramlılarının gedişi barədə deyilənləri ekspert belə şərh edir: “Erməınilərin Dağlıq Qarabağdan qan tökülmədən çıxması sülhməramlıların istisna xidmətidir”. Ekspertin fikrincə, “Rusiya sülhməramlılarını qeyri-müəyyən müddətə saxlamaq yolu ilə Dağlıq Qarabağı Osetiya və ya Dnestryanıya (2 separatçı region – red.) çevirmək istəyirdi”.

Öz qonşusunun güclənməsindən əziyyət çəkən və daim hərbi təzyiq aıtında qalan Ermənistan sərhədlərin delimitasiyasına dair danışıqlarda özünü yaxşı aparır. Baş nazir Nikol Paşinyanın administrasiyası aprelin 19-da bildirib ki, əvvəlki müharibə vaxtı, 90-cı illərdə işğal edilmiş, hazırda boş olan 4 kənd Azərbaycana qaytarılacaq. Bunun müqabilində Ermənistan təhlükəsizlik və delimitasiya ilə bağlı risklərin azaldılmasına nail olacaq.

Ermənistan paralel olaraq hüquqi arenada Azərbaycanla mübarizə aparır. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsuinə müraciət edən İrəvan Azərbaycanın bir çox müharibə cinayətinə - ermənilərə nifrət təbliği və Dağlıq Qarabağda erməni mədəniyyətinin izlərinin silinməsinə görə cəzalandırılmasını istəyir. Haaqa Məhkəməsinin bazar ertəsi keçirilən iclasında erməni mədəni irsinin dağıdılmasına dair yeni faktlar ortaya çıxıb.

Caucasus Hertage Vatch təşkilatının X sosial şəbəkəsində 18 apreldə yaydığı məlumatda göstərilir ki, Şuşada 1818-ci ildə tikilmiş Müqəddəs Jan-Baptist kilsəsi (yaşıl damlı kilsə - red.) yerlə yeksan edilib. Ertəsi gün azərbaycandilli Teleqram kanalında kilsənin uçurulmasının videosu yayıldı. 2023-cü ildə Le Monde qəzeti yazırdı ki, 2020-ci ildə baş verən döyüşlərdə “yaşıl damlı kilsə”nin 2 zəngi müəmmalı şəkildə yox çıxıb.

Uydurma ittihamlar

Binanın ətrafı hasarlansa da, heç bir ciddi tikinti prosesi gözə dəymir. Yoxa çıxan kilsə ilə bağlı dəqiq məlumat verməsə də, Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib ki, “Azərbaycan qanunvericiliyi Azərbaycan ərazisindəki, o cümlədən Qarabağdakı bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur”.

1993-2003-cü illərdə ölkəyə rəhbərlik etmiş atasından prezidentlik postunu miras alan İlham Əliyev xarici səhnədə möhkəmləndikcə daxildə də vintləri sıxmağa başlayıb. Rəsmi KİV-də diffamasiya kampaniyasından sonra ölkəni tərk etməyə hazırlaşan Məclis saytının baş redaktoru İmran Əliyev aprelin 19-da ölkəni tərk edərkən saxlanılıb. İndi o, həbsxanada 2023-cü ildə saxta valyuta qaçaqmalçılığı və xarici donorlardan qanunsuz qrant alma maddələri ilə saxlanmış Abzas müstəqil araşdırma saytının 6 əməkdaşı ilə birgə oturacaq. Abzasın əməkdaşlarını 5 ildən 8 ilədək həbs gözləyir.

Bu yaxınlarda hazırda Bakıda həbsxanada saxlanılan Dağlıq Qarabağın keçmiş rəhbəri Ruben Vardanyan ailəsinə bildirib ki, aclıq aksiyasına başlayacaq.

Emmanuel Qrinspan və Fostin Vensan

Le Monde qəzeti, 24 aprel 2024, No24668


MANŞET XƏBƏRLƏRİ