Məktəblərdə telefon qadağası – Valideynlər və ekspertlər fərqli fikirdə


Xəbər verdiyimiz kimi, bundan sonra Rusiyada məktəblilər dərs zamanı mobil telefondan istifadə edə bilməyəcək. Bu barədə qanun qüvvəyə minib. Qanuna əsasən Rusiyada məktəblilərə telefon qadağan edilib.

Bir müddət əvvəl Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olunub. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib. O bildirib ki, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər. Qadağanın qəbul olunmasına səbəb şagirdlər arasında mobil telefondan istifadənin nəzərəçarpacaq dərəcədə artmasıdır.

Azərbaycanda da son illər təhsilalanlar arasında mobil telefondan istifadə halları xeyli dərəcədə artıb. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon görmək mümkündür. Əlində telefonu olan şagirdin diqqəti müəllimdə yox, telefonda olur. Dərsə qulaq asmaq yerinə telefonda oyun oynayır, internetə girir, sosial şəbəkələrdən istifadə edir, müxtəlif fotolar və videolar, məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bütün bunları nəzərə alaraq illər əvvəl ölkənin orta məktəblərində telefon qadağası tətbiq olunub. Amma bu, valideynlər tərəfindən böyük narazılıqla qarşılanıb. Onlar bildiriblər ki, telefon olmayanda uşaqla əlaqə saxlamaq mümkün olmur.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a deyib ki, əlində telefon olan şagirdin fikri müəllimdə, dərsdə olmur. Onlar dərsin gedişatında müxtəlif əyləncələr üçün işlər görürlər, məsələn, video çəkirlər, oyun oynayırlar və s. Bunlar yolverilməzdir. Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar onlara müvafiq bilikləri əldə etməsinə imkan verməyəcək:

“Ölkənin ümumtəhsil məktəblərində təxminən 1 milyondan artıq şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zamanı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər. Dərs zamanı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Şagirdlər demək olar ki, telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı müvafiq oyunlar oynayırlar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Fikrimcə, bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var”.

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, bu gün ölkənin çox az sayda məktəblərində mobil telefon qadağası tətbiq edilir. Ancaq bu qadağa bir neçə məktəbdə yox, ölkə üzrə bütün təhsil müəssisələrində tətbiq olunmalıdır:

"Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Mobil telefon əlaqə vasitəsidir. Valideynlər də ona görə uşaqlara telefon verirlər. Amma şagirdlərin çoxu bu əlaqə vasitəsindən daha çox internetə daxil olmaq, video çəkmək üçün istifadə edir, sinifdə baş verənləri telefonla videoya çəkir və yayır. Bu, daha çox dərsdə uğur qazana bilməyən, yaxşı oxumayan uşaqlar tərəfindən edilir. Belə uşaqlar bu görüntülərlə gündəmə gəlmək istəyirlər. Bununla da dərsin gedişatını pozur, oxumaq istəyən şagirdlərin diqqətini yayındırırlar. Bu kimi halların qarşısını almaq üçün müvafiq addımların atılmasına ehtiyac var".

N.İsrafilov qeyd edib ki, ölkədə fəaliyyət göstərən özəl orta təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün ayrıca şkaflar mövcuddur. Şagirdlər bəzi əşyalarını, eyni zamanda, mobil telefonlarını sinifə daxil olmazdan öncə bu şkaflara qoyur. Dərs bitdikdən sonra, evə gedəndə əşya və mobil telefonlarını götürür. Ancaq dövlət təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün şkaflar mövcud deyil. Çünki ki, dövlət təhsil müəssisələrində şagird sayı çox olduğundan orada belə şkafların qoyulması mümkün deyil.

Təksil eksperti vurğulayıb ki, dünyanın bir çox ölkələrində şagirdlərə məktəbdə telefondan istifadə qadağan edilib. Azərbaycanda da belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər:

“Orta ümumtəhsil müəssisələrində mobil telefondan istifadənin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, smartfonlardan şagirdlərin məktəbdə istifadəsi həm xoşagəlməz hadisələrlə nəticələnir, həm də şagirdlərin diqqətini yayındırır. Üzərində mobil telefon olan şagirdin istər-istəməz fikri yayınır. Məktəb yaşlı uşaqlar bəzən özünü təsdiq etmək üçün hər hansı neqativ halı çəkib yaymaqdan zövq alırlar. Kifayət qədər belə hallar baş verib. Bu da onların tərbiyəsini pozur. Ona görə də, məktəblərdə şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulmalıdır. Bu onların davranışlarına təsir baxımından da vacibdir.

Ölkədə məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur.

Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər:

"Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə telefondan istifadə məsələsi pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

Məsələyə münasibət öyrəndiyimiz Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, xüsusi hallar istisna olmaqla ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir. Xüsusi hallarda dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər:

"Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır”.


MANŞET XƏBƏRLƏRİ