Gözlənilməz açıqlama: Paşinyan xəritə ilə göstərdi – "Təkcə Zəngəzur yox..."


Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan yenidən sülhdənyayınma yolunu tutub. Sülhə yeganə maneə olan Ermənistan Konstitusiyasını dəyişməkdən çəkinən Paşinyan bu azmış kimi, Azərbaycanı da ölkəsinə qarşı “ərazi iddiası”nda ittiham edir. Üstəgəl, deyir ki, sülh müqaviləsini imzalamağa hazırdır. Paşinyan nə etməyə çalışır, niyə davranışları ziddiyyətlidir?

- Üç ay əvvələ qədər sülh müqaviləsinin imzalanması üçün Azərbaycana yalvarırdı. Makron və Blinkenin əlinə keçəndən sonra ürəkləndi, silahlar almağa başladı, militaristləşdirmə xəttini tutdu. Üstəgəl, ölkə daxilində reytinqini xeyli yaxşılaşdırdı. Əvvəl Konstitusiyada Azərbaycan əleyhinə olan müddəaları götürməyə razı idisə, indi vaxt istəyir, müxtəlif bəhanələr uydurur. Belə görünür ki, sülh müqaviləsini imzalamağa o qədər də meylli deyil.

Yaxın günlərdə iki ölkənin sərhəd komissiyaları arasında bir əsasnamə imzalandı. Bu, sərhədlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə qarşıdurmanın qarşısının alınması ilə bağlıdır. Yaxın vaxtlarda əsasnamənin mətni mətbuatda dərc olunacaq. Digər yandan, Paşinyan sülh müqaviləsini imzalamaq istəyi ilə bağlı bir süni görüntü yaratmağa çalışır. Çünki buna görə Qərb qurumlarından xeyli vəsait əldə etmək istəyir. Bu baxımdan, axır vaxtlarda xeyli ürəklənib. Amma həm də sülh prosesini əngəlləyəcək fikirlər tapmağa çalışır.

Zənnimcə, bəzi Qərb ölkələri Ermənistanı sülhə gətirmək üçün ona təzyiq göstərir. Düzdür, bu zaman Ermənistanın tərəfini tuturlar, amma həm də bölgədə isti müharibənin baş verməsini istəmirlər. Burada Fransa istisnadır. Bu isti müharibəni istəyən həm də Rusiyadır. Buna görə də, hələlik bölgədə sülh və əmin-amanlıq tam bərqərar olmur, bu da sülh müqaviləsinin imzalannasına əngəllər yaradır.

- Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik təklifinə cavab verən Ermənistan baş naziri söylədi ki, Bakı ilə ikitərəfli danışıqlar formatına üstünlük verir. Buna onun Putinin təklifindən imtinası kimi baxa bilərikmi?

- Rusiya regionda qalmaq üçün min oyundan çıxır. Bundan əvvəl sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərindən imtina eləmişdi. İndi birdən-birə nə oldusa, sülh müqaviləsinin bağlanmasının önəmindən danışmağa başlayıb. Əlbəttə, Putinin vasitəçilik missiyasını üzərinə götürmək istəyi aranı qarışdırmaq cəhdidir. Rusiyanın olduğu yerdə sülh xeyli çətin olacaq.

- Bəs Ermənistanı silahlandıran Qərb ölkələrinin, eləcə də Hindistanın məqsədləri nədir? Xarici işlər naziri Ceyhun Bayramov bu kontekstdə bildirdi ki, Ermənistana ciddi təhdid mənbəyi ola biləcək vədlər də verilir. Söhbət hansı vədlərdən gedir?

- Hindistan və Fransa Ermənistana silah verməyə başlayanda deyirdilər ki, “müdafiə silahları”dır. İndi məlum olur ki, bunlar ölümcül silahlardır, hücum xarakterlidir. Ermənilər bununla bağlı müxtəlif bəhanələr uyudururlar ki, Azərbaycan İsrail, Bolqarıstan, Serbiya, İtaliya, Belarus və digər ölkələrdən silah alır. Bunlar bəhanələrdir. Əlbəttə, ölkə özünün əmin-amanlıq və təhlükəsizliyini təmin etmək üçün silah almalı, ordusunu gücləndirməlidir. Amma bu durum revanşist hədəfləri və ərazi iddiaları olan Ermənistandan fərqlənir. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğu, revanşist məqsədlər güddüyü kimsəyə sirr deyil. Bunu elə onu silahlandıran ölkələr də bilirlər.

Ermənistanın silahlanma məsələsi ilə bağlı Azərbaycana yönəlik əsassız iddiaları sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi daşıyır. Ermənilər bu məsələni xeyli uzatmaq istəyirlər. Amma vəziyyət hər nə qədər qarışıq görünsə də, ötən günlərdə tərəflər arasında sərhədlə bağlı bir əsasnamə imzalandı. Bəziləri hesab edirlər ki, bu, sülh müqaviləsinin imzalanması prosesinə müsbət təsir edəcək bir anlaşmadır. Bunu zaman göstərəcək.

- Proses kifayət qədər mürəkkəb görünür. İrəvanın həm sülhdən yayınması, həm də silahlanması vəziyyəti qarışıq hala gətirir. Sizcə, bu durum bizi hara aparır – sülh, ya yeni bir savaşa?

- Zənnimcə, hərbi toqquşma və ya müharibə olmayacaq. Bölgədə isti müharibə istəyən Rusiyadır, amma onun özü uçuruma doğru gedir. İndi Rusiyanın əlində elə güclü vasitələr yoxdur ki, bunlarla bölgəni qızışdırsın. Yaxın Şərq və dünyanın digər nöqtələrində qarşıdurmalar ola bilər, amma mənim zənnimcə, Ermənistanla bizim aramızdakı vəziyyət çətin olsa da, sülhə doğru gedir.

- Paşinyan dolayı yolla onu da etiraf elədi ki, 1918-20-ci illərdə Zəngəzur, Dərələyəz, Göyçə və digər bəzi ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Hətta bununla bağlı Antanta dövlətlərinə təqdim edilən 1919-cu il xəritəsinə də istinad elədi. Paşinyanın bu gözlənilməz etirafı nə ilə bağlıdır?

- Paşinyan elə bir adamdır ki, arada həqiqətləri də deməkdən çəkinmir. Özü də Tarix fakültəsini bitirib, yəni tarixi bilgiləri zəngindir. Bəli, Zəngəzur, Göyçə, Dərələyəz, Vedi və digər ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Paşinyan məhz bunu etiraf elədi. SSRİ dönəmində bu ərazilər qanunsuz olaraq Azərbaycandan qoparılıb və Ermənistana ilhaq edilib.


MANŞET XƏBƏRLƏRİ