20 may, 1988-ci ildə Lerik rayonunda doğulur...
1995 / 2006-cı illərdə Lerik rayonunda orta təhsil alır...
2006 / 2010- cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...
2010-cu ildə Ağcəbədi rayonunda dislokasiya olunan tank taborunun tağım komandiri kimi hərbi xidmətə başlayır...
4 il hərbi hissələrdən birində qərərgah rəisi vəzifəsində çalışır...
32 yaşında vaxtından əvvəl mayor rütbəsi alır...
2016-cı ilin Aprel döyüşlərindəki şücaətinə görə leytenant rütbəsindən birbaşa kapitan rütbəsinə yüksəlir...
Füzulinin Əhmədbəyli kəndində Əlahiddə Tank Taborunun Hərbi Hissə Komandiri vəzifəsinə təyin olunur...
Aprel döyüşləri zamanı Lələtəpəyə çıxan ilk tankçılardan biri olan, Vətən müharibəsinin ilk günündən əməliyyatlara qatılan, hücum əmri veriləndə Cəbrayıl rayonunda tankı ilə birgə düşmənin müdafiə xəttini yaran, Füzuli istiqamətində gedən döyüşlərdə öz şəxsi heyəti ilə birgə yüksəklikləri atəşə tutaraq düşmənə göz açmağa imkan verməyən, son mərmisinə, son nəfəsinədək döyüşən, qarşıya qoyulmuş döyüş tapşırığını uğurla yerinə yetirən, şücaət və mərdliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, adı Şuşadakı postlardan birinə verilən Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru, Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərov!
Döyüş zamanı Amid Heydərovun tankı vurulur. Yaralıları tankdan çıxartmaq istəsə də, ermənilər imkan vermir. İkinci tankla təkbaşına düşmən üzərinə gedir. Mərmilərin hamısını düşmənin postuna tuşlayır. Nəhayət düşməni susdurur. Mərmisi bitdiyi üçün geri qayıdanda onun tankı yenidən hədəf alınır. Qəhrəman tankçı tankın içində qəhrəmancasına şəhid olur.
Qəhrəmanımız Vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, həmçinin, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
"Təkcə tankçı olduğuma görə yox, həm də Azərbaycanın igid oğlunun davamçısı kimi bu adı üzərimdə daşıdığıma görə fəxr edirəm" deyən qəhrəmanımız daim döyüşlərdə əsgərlərinə "Ardımca!" komandası verən komandirlərdən olub.
Qəhrəmanımızın atası Rəbbil Heydərov deyir ki, "Amid uşaqlıqdan hərbçi olmaq istəyirdi. Bir gün evdə Həzi Aslanov haqqında çəkilən filmə baxırdı. Filmdə general S.Mehmandarov balaca Həzidən soruşur ki, böyüyəndə kim olacaqsan? O da cavab verir ki, general!. Həmin kadrlara baxandan sonra Amid dedi ki, mən də böyüyəndə general olacam. Həm də Həzi Aslanov kimi tankçı olacam. Həmin vaxt Amidin 5 yaşı vardı. Düzü əvvəl könlüm razı deyildi o hərbiyə getsin. Lakin oğlum fikrindən dönmədi. Sevdiyi peşənin arxasınca getdi. Çox həvəslə yiyələnmişdi bu peşəyə. Bir də arzusu vardı. Deyirdi, Lələtəpəyə ilk çıxan tankçı oldum, Şuşaya da ilk çıxan tankçı mən olacam. Lakin oğlumun bu arzusu yerinə yetmədi. O şəhid olsa da, döyüş yoldaşları onun qisasını aldılar, arzusunu yerinə yetirdilər. Oğlum General ola bilməsə də, qəhrəman oldu."
Anası Şükufə Heydərova: "Hər gün onun otağına girirəm, şəkilləri və paltarları ilə danışıram. Çox çətindir. Onun yoxluğu ilə barışa bilmirəm. Amid çox mərd uşaq idi. Oğlum iki dəfə müharibədə iştirak etdi. Lələpənin yüksəkliyini alanda birinci tankı ora özü çıxartdı. Vətən müharibəsində də tankın üstünə yazmışdı ki, "Şuşa-son mənzilimiz". Çox təəssüf ki, ora çata bilmədi, şəhid oldu."
Özün çata bilməsən də, döyüş yoldaşların Şuşaya çatdı qəhrəmanım! Və əminəm ki, sənin müqəddəs ruhun onlara bu çətin döyüşdə kömək oldu. Adın təkcə Şuşadakı posta yazılmadı, xalqın qəlbinə, vətənin zəfər tarixinə yazıldı! O tarix ki, gələcək nəsillər onu qürurla oxuyacaq və sıralarında neçə-neçə Amid Heydərov məktəbinin davamçıları yetişəcək! Biz də, gələcək nəsillər də bu əziz, doğma adı sevə-sevə, rəhmətlə, qürurla yad edəcəyik!
Sevinc Bəhmənli.


