Elməddin Behbud
"...Və yağış yağdı, sel oldu, şiddətli külək əsdi, evin üstünə gəldi. Ev uçub darmadağın oldu"
İsa Məsih. İncil. Matta:7:1-29
Gözlər Vaşinqtonda, diqqət Cənubi Qafqazda, zəfər qapısı isə Azərbaycandadır. Cəmi bir neçə saat sonra Çar Rusiyası süquta uğradığı tarixdən sonra ilk dəfə olaraq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini rəsmiləşdirən sülh sazişini ilkin formada təsdiq edəcək. Bu, siyasi miqyas və əhəmiyyət etibarilə misilsiz hadisədir.
Bir neçə on il ərzində Azərbaycanı torpaqlarının işğalı faktı ilə dolayısı ilə ağır güzəştlərə çağıran "ümumi dövlət", "Aland modeli", "paket həll", "mərhələli həll" və s. kimi təkliflərin həmmüəlliflərindən olan ABŞ bu gün rəsmi İrəvanın 10 noyabr 2020-ci ildəki kapitulyasıyasının məntiqi davamına ev sahibliyi etməyi şərəf sayır.
Bütün hallarda Ermənistanın regionda oynadığı 30 illik radikal dərəcəli destruktiv mövqeyinə son qoyan, Türküstan coğrafiyası ilə Xəzərin qərbindəki türk arealını quru yolla birləşdirən güc Azərbaycan dövlətidir. Zaman keçdikcə ikinci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük qələbənin əhəmiyyəti daha çox hiss olunmaqdadır.
Bəli, ermənilər hər şeyin bitdiyini düşünərkən və bizi Bakını belə işğal edəcəkləri ilə təhdid edərkən "şiddətli külək əsdi, evin üstünə gəldi, ev uçub darmadağın oldu".
44 günlük müharibə və 2023-cü ildəki sonuncu antiterror əməliyyatları nəticəsində Azərbaycan XX əsrin sonlarında itirdiyi torpaqlara nəzarəti bərpa etdi, minlərlə mülki vətəndaşını, əsgər və zabitini qətlə yetirən düşməndən qisasını aldı. İndi isə Azərbaycan diplomatiyası zəfərin yaratdığı yeni siyasi reallığı masada da uğurla davam etdirərək XX əsrin əvvəlində itirdiyi Zəngəzura fərqli formada qayıdışı təmin edir. Yolumuzu açıq edən şəhidlərimizin ruhu şad, Prezident İlham Əliyevin canı sağ, ömrü uzun olsun!
D.Trampın iştirakı ilə imzalanması gözlənilən sənədlər:
- Birgə Bəyanatın imzalanması
- Sülh sazişinin paraflanması
- ATƏT-in Minsk qrupundan çıxışla bağlı birgə məktubun imzalanması
- ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında ikitərəfli memorandumların imzalanması.