Dünya universitetlərində Qəzzaya dəstək artır


ABŞ-da Fələstinə dəstək məqsədilə başlayan tələbə etirazları bütün dünyada əks-səda verib. Polisin müdaxiləsinə baxmayaraq tələbələr universitet şəhərciklərində çadır qurmağa davam edirlər. Tələbələr universitet rəhbərliyindən İsraildə yerləşən institutlarla əlaqələrini kəsməyi tələb edirlər.

Turkustan.az xəbər verir ki, Hollandiyanın Amsterdam Universitetində polisin sərt müdaxiləsinə baxmayaraq Fələstinə dəstək nümayişləri davam edib. Əvvəlcə şəhərcikdə toplaşan nümayişçilər daha sonra universitetin şəhər mərkəzindəki binasına doğru yürüş ediblər. Polis təhlükəsizlik məqsədilə universitetin binasını mühasirəyə alıb.

Fransada tələbələrin Fələstinə dəstək aksiyaları davam edir. Paytaxt Parisdə tələbələr növbəti dəfə Sorbonna Universitetinin qarşısına toplaşıblar.

Tələbələr israilli idmançıların Paris Olimpiadasında iştirakına qadağa qoyulmasını tələb ediblər.

Polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib və tələbələri qalxanlarla universitetin girişindən çıxarıb. Mühazirə zalında etiraz edən tələbələr də zorla çıxarılıb.

Fələstinə dəstək aksiyalarında London Universitet Kolleci və İngiltərənin Kembric Universitetinin tələbələri də iştirak ediblər.

İrlandiyanın ən prestijli universitetlərindən biri olan Trinity College Dublin-də 5 gündür düşərgə salan fələstinli tələbələrə dəstək verilməsi universitet rəhbərliyini tələblərini qəbul etdirib.

Paytaxt Dublindəki universitetdən verilən açıqlamada işğal altındakı Fələstin torpaqlarında fəaliyyət göstərən və BMT-nin qara siyahısında olan İsrail şirkətlərinə investisiyaların dayandırılacağı bildirilib.

İsveçrədəki nümayişlər Lozanna Universitetinə, daha sonra Cenevrə və Sürix universitetlərinə yayıldı.

Etirazlarda akademiklər də iştirak edir.

Tələbələr Cənubi Afrikanın Yohannesburq şəhərindəki Witwatersrand Universitetində həmrəylik düşərgəsi də yaradıblar.

Vyana Universitetinin tələbələri ABŞ-ın Kolumbiya Universitetində başlayan və dünyanın bir çox ölkəsinə yayılan Fələstinə dəstək üçün 6 May bazar ertəsi Altes AKH Kampusunda başladıqları etiraz aksiyası ilə universitet nümayişlərinə qatılıblar.

Dünən İsrail tərəfdarları da Fələstinə dəstək nümayişinə etiraz olaraq nümayiş keçiriblər.

Avstriya Yəhudi İcmasının prezidenti Oskar Deutsch Almaniyada universitetlərdə Fələstinə dəstək nümayişlərinin polis tərəfindən dağıdıldığını və oxşar nümayişin Vyanada da keçirilməli olduğunu açıqlayıb.

Vyana Universiteti də Fələstinə dəstək nümayişi ilə bağlı narahatlığını ifadə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ