Türkiyə Rusiyadan qaz alıb görün hansı ölkələrə satacaq


Türkiyə Rusiyadan aldığı təbii qazı öz anbarlarında mayeləşdirməklə Qərb ölkələrinə tədarük etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” ölkənin Energetika Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mayın 2-də Türkiyə parlamenti təbii qaz bazarlarını tənzimləyən qanun layihəsinin lehinə səs verib. Ekspertlər daha əvvəl qeyd etmişdilər ki, bu sənəd Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsinin məqsədləri ilə üst-üstə düşür. Rusiya Türkiyənin ən böyük təbii qaz tədarükçülərindən biridir.

“Bizim Qara dənizdən hasil etdiyimiz öz qazımız var. Azərbaycan, Rusiya və İrandan qaz kəmərlərimiz var. Biz həmçinin müxtəlif ölkələrdən mayeləşdirilmiş qaz (LNG) alırıq. Bu qazın bir hissəsini boru kəmərləri vasitəsilə Qərb üçün saxlayırıq”, - nəşr mənbədən sitat gətirir.

Qəzetin həmsöhbəti onu da qeyd edib ki, “bu qanuni hüququ sayəsində Türkiyə indi anbarlarındakı qazın bir hissəsini mayeləşdirə, onu LNG-yə çevirə və boru xətti olmayan bölgələrə ixrac edə biləcək”.

“Hazırda bizim maye qaz zavodumuz yoxdur, yaxın illərdə bu müəssisələr dövlət və ya özəl sərmayə hesabına yaradıla bilər. O zaman biz LNG-ni gəmilərlə dünyanın hər yerinə ixrac edə bilərik”, - mənbə qeyd edib.

2022-ci ilin oktyabrında Türkiyənin qaz qovşağı məsələsi gündəmə gəlib. “Şimal axını 1” və “Şimal axını 2” sualtı qaz kəmərlərində baş verən partlayışlardan iki həftə sonra Vladimir Putin Rusiya qazının itirilmiş həcminin Qara dəniz regionuna köçürülməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağının yaradılması mümkündür ki, bu da digər ölkələrə, ilk növbədə Avropaya ixrac, eləcə də qazın qiymətinin müəyyən edilməsi üçün platformaya çevrilsin.

Rusiya baş nazirinin müavini Aleksandr Novak ötən ilin dekabrında bildirmişdi ki, “Qazprom” və Türkiyə belə bir mərkəz üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər və yaxın gələcəkdə - 2024-cü ildə layihənin icrasına başlana bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə fevralda “RİA Novosti”-yə bildirib ki, qaz qovşağının yol xəritəsi Putinin planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. (publika.az)


MANŞET XƏBƏRLƏRİ