Birbaşa sülh danışıqları: “Bakı-İrəvan” formatı nə vəd edir?


“Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablanıb”.

Xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında belə deyib.

O, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib.

Nazir delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.

Qeyd edək ki, Ceyhun Bayramovun açıqlamasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı konkret mesajlar öz əksini tapıb. Bu, bir növ tərəflər arasında sülhün əldə edilməsi üçün siyasi düstur kimi şərh oluna bilər.

İlk növbədə, Azərbaycan tərəfi Ermənistanla danışqıların ikitərəfli və ya birbaşa formatda keçirlməsinə üstünlük verir. Vasitəçisiz sülhün əldə edilməsi daha asandır və son günlər həm işğal altındakı dörd kəndin, həm də sərhədlərin müəyyənləşməsi istiqamətində nəticələrin əldə olunması Azərbaycanın öz mövqeyində haqlı olduğunu bir daha təsdiq edir.

Bu prosesin davamlı olması sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Sülhə nail olunması isə öz növbəsində, regiona sabitlik və inkişaf gətirə bilər. Vasitəçi dövlətlərin danışıqlarda üçüncü tərəf statusunda iştirak etməsi isə əksinə, sülhə mane olur. Çünki hər bir güclü dövlət vasitəçilik missiyasına Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək vasitəsi kimi baxır.

Bu da sülüh danışıqlarının dalana dirənməsinə, bölgədə geosiyasi rəqabətin artmasına və eskalasiyaya səbəb olur. Ona görə də Azərbaycan danışıqların ikitərəfli formatda aparılmasını təklif edir.

Delimitasiya və demarkasiya üzrə dövlət komissiyalarının görüşünün timsalında artıq hər iki ölkə bu təcrübəyə malikdir. Bu baxımdan, gələcəkdə nazirlər səviyyəsində aparılacaq danışıqların da sərhəddə keçirilməsi mümkündür. Hətta Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görüşü də sadəcə, məkan baxımından fərqlidir.

Müzakirələrin ikitərəfli qaydada keçiriləcəyi gözlənilir. Bu da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və çərçivə sazişinin mətni ilə bağlı yeni detalların razılaşdırılması üçün imkanlar açır. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ