“Tramp Ukraynanı “Rusiyanın bir hissəsi” adlandırdı” – WSJ


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində Ukraynanı “Rusiyanın bir hissəsi” adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə bazar ertəsi “Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-nin eks-prezidenti Avropa liderləri ilə söhbətində Ukraynanı “onların Ukraynası” və ya “Rusiyanın bir hissəsi” adlandırıb.

Nəşrin məlumatına görə, Tramp illərdir Ukraynanı korrupsioner ölkə kimi tənqid edib. Eks-prezident, həmçinin tez-tez Vaşinqtonun Kiyevi dəstəkləməsindən şikayət edib.

Amerikalı qanunvericilər, xüsusilə də, ABŞ Konqresinin respublikaçı senatorları isə Trampla görüşləri zamanı onu Ukraynanın Rusiya üzərində qələbə qazanacağı təqdirdə verilən bütün kreditləri qaytara biləcəyinə inandırıblar.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiq olunması haqqında qanun layihələri təsdiqlənib.

Paketin həcmi 95 milyard dollar təşkil edib, o cümlədən, Ukrayna üçün 61 milyard dollar nəzərdə tutulub. İndi bu layihələr ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Layihələrin müzakirəsi aprelin 23-də baş tutacaq. Əgər layihələr qəbul olunsa, imzalanmaq üçün ABŞ Prezidentinə göndəriləcək. /yeniavaz.com/az


MANŞET XƏBƏRLƏRİ