"Ukrayna Krım körpüsünü partladacaq, Rusiya gələn həftədən..." - AÇIQLAMA


ABŞ Nümayəndələr Palatası Ukraynaya 60 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Xatırladaq ki, bir müddətdir, məhz Nümayəndələr Palatasında səs çoxluğuna malik respublikaçılar bu layihənin qəbul edilməsinə qarşı çıxırdılar.

Maraqlıdır, sözügedən addım necə nəticələnəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, respublikaçılar partiyası bu qanunu qəbul etməklə, seçki qabağı bir növ öz reytinqlərini qaldırmağı hədəfləyirlər.

Müsahibimiz bildirib ki, Ukraynaya yardımın qəbul edilməsində müəyyən faktorlar mühüm rol oynayıb:

“Səbəblərdən biri İranın İsrailə raket hücumu ilə bağlıdır. Eyni zamanda, Rusiyanın Ukraynada xeyli irəliləyişi respublikaçıları bu qanun layihəsinə səs verməyə sövq etdi. Artıq Kiyevə həftəiçi “ATACMS” raketləri, uzaq mənzilli raketlər, “PATRİOT” havadan müdafiə sistemlər, müxtəlif artilleriya mərmiləri, xeyli sayda öldürücü və hücum silahları veriləcək. Hətta yay aylarında “F-16”ların verilməsi də mümkündür”.

Ekspert qeyd edib ki, may ayının əvvəllərindən Rusiya-Ukrayna cəbhəsində yeni bir mərhələ başlayacaq:

“Ukrayna havadan müdafiəni gücləndirəcək və Rusiyanın arxa eşalonlarına intensiv raket zərbələri vuracaq. Həmçinin Rusiyanın dərinliyində strateji obyektlər hədəf alınacaq. NATO-nun baş katibi bunun üçün Ukraynaya yaşıl işıq yandırdı. Artıq Ukraynanın təşəbbüsü ələ alacağını qeyd edə bilərik. Gələn həftədən Rusiya çətin və ağır itkilər verəcək. ABŞ və NATO-ya üzv ölkələrin verəcəyi silahlarla Ukrayna Krım körpüsünü partladacaq və yarımadaya intensiv zərbələr endirməklə hücumlar təşkil edəcək”.


MANŞET XƏBƏRLƏRİ