Aynur Turan
(əvvəli BU LİNKDƏ)
Hüseyn Kürdoğlu Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xəttini həkk edən şəxsiyyətlərdən biri olmuşdur. Uzun müddət, ömrünü sonunadək Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Onun həyatı, yaradıcılığı, elmi axtarışları, tərcümələri tədqiqat mövzusu, möhkəm təməli olan araşdırmaları, ədəbiyyat tarixçiliyi ilə nəzəriyyə bir-birini tamamladığı üçün daha mükəmməl, uzunömürlü əsərlər meydana çıxara bilər. Ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə düşünüb-daşınmalı, onun adına layiq addımlar atılmalıdır.
Mən ki vətən eşqinin çılğın pərvanəsiyəm,
Yanacaq qanadlarım bu sönməz çıraq üstə.
Mən ki sözün-sənətin təşnə divanəsiyəm,
Könlüm od tutub yanar böylə gur bulaq üstə.
H.Kürdoğlu hər birimizin sevdiyimiz və tez-tez oxuduğumuz söz ustadlarından biridir. Əslində hər bir şairin oxucu ürəyində öz yozumu var. Ədəbiyyatşünasların, tənqidçi və digər qələm sahiblərinin bu şair haqqında müxtəlif məramlı, amma bir məcrada birləşən yazıları çoxdur. Şairin bütün şeirləri vətən, onun təbiəti, dərdləri və sevgisi deməkdir. Hara üz tutmağımızdan asılı olmayaraq, sonda məhz doğma yurda dönmək , onun havasını udmaq istəyirik. Əlimiz çatanda xoşbəxtik, ünümüz yetməyəndə dərdli. Hüseyn Kürdoğlunun şeirləri bax, bu vətənin özü deməkdir. Gözünü yum, amma o misraları dönə-dönə təkrar et, gör xəyalında hansı mənzərələr açılacaq:
Hər gecə bir payız gürşadı gəlir,
Qaçqın el gözünün muradı gəlir.
Viranə dağlarda bayquşdur yuxum,
Xəzər sahilinə fəryadı gəlir.
Həqiqətən də gözəl Xəzərimiz bizi öz camalına nə qədər möhkəm bağlasa da, beşiyin yellənən yerlərinin dadı bir özgədir. İllərdir ki, erməni vandalları tərəfindən öz ocaqlarından didərgin salınan bizlər bu xiffətin, dərdin içində doğma yurda dönəcək yolların həsrətindəyik. Hüseyn Kürdoğlunun şeirlərində bu ağrının çəkilməzliyi var. Bəlkə də elə buna görə belə vəsiyyət edirmiş: “Laçın torpağına qismət olmasam, məni basdırmayın, atın qurd-quşa, kök atıb dünyanı dərdim tutmasın...”
Şairin şeirlərindəki maqnit gücün bir sehri də məhz onun vətən sevgisi ilə birgə doğulmasıdır. Bu dərin məhəbbət onun bütün şeirlərinin mayasında var. Müəllifin poeziyası həyatımızın özüdür. Burada hər şey var. Olum da, ölümdə və bu bir addımlıq ömür yolunda əbədi abidəyə dönmək fədakarlığı da. Bəri başdan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevə bir minnətdarlıq duyğusunu da bildirim ki, böyük ehtiramla yazdığı “Hüseyn Kürdoğlunun poetik dünyası” adlı kitabında şarin portreti çox dolğun yaradılıb. Azərbaycanda kərkükşünaslığın banisi sayılan professor Qəzənfər Paşayev çoxsaylı elmi əsərlərin, kitabların müəllifidir. Ədəbiyyatşünas alimlər, yazıçı və şairlər barəsində də ayrıca kitablar, monoqrafiyalar yazıb. Müəllifin bu portret kitabları elmiliyi ilə bərabər, səmimiyyəti, dərinliyi və qəhrəmana bəslənən ehtiramı ilə seçilib. Bu səbəbdən, Qəzənfər Paşayevin təqdimatı həmişə inandırıcı olub. Çünki yazdıqlarının hamısını ürəyinin diktəsilə araşdırıb və mükəmməl bir nəticəyə gəlib: "Hüseyn Kürdoğlu təbin, ilhamın, fitri istedadın, el-obaya, vətənə sonsuz məhəbbətin sayəsində əsl poeziya nümunəsi yaradan, Azərbaycan poeziya bağçasında məxsusi yeri olan şairdir.”
Kitaba ön söz yazan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin münasibəti yeni nəşrin əhəmiyyətini dəyərləndirmək baxımından maraqlıdır: "Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin " Hüseyn Kürdoğlunun poetik dünyası” adlı monoqrafiyası bu orijinal şairin həyatı və yaradıcılığını bütün əsas mahiyyəti və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdim edən qiymətli elmi əsərdir”.
Belə bir fikir var ki, şair olmurlar, şair doğulurlar. Hüseyn Kürdoğlunun həyat və yaradıcılığının ilk illərini araşdıran müəllif şairin uşaqlıq çağlarının keçdiyi yerlərin təbii gözəlliklərindən, dağından, dərəsindən, çayından, bulağından söz açaraq, Laçından Bakıya qədər uzanan yolun hansı bərədən, döngədən keçdiyini qələmə alıb. Hüseyn Alışanovun necə Hüseyn Kürdoğlu olduğunu araşdırıb: "Akademik Teymur Bünyadov çox yaxın münasibətdə olduğu şair haqqında yazır: "Hüseyn Kürdoğlu əsilli, nəsilli, köklü-köməcli, qollu-budaqlı bir türk tayfasının layiqli övladıdır. Gün kimi aydındır ki, ətraf kəndlərdən fərqli olaraq, Mollaəhmədli türk kəndidir. Şairin "Kürdoğlu” təxəllüsünə gəlincə, bu bir xoş təsadüfün nəticəsidir.”
Şairin çoxcəhətli yaradıcılığını qədirbilənliklə tədqiq edən müəllif, qəhrəmanının ədəbiyyatşünas, folklorşünas alim və tərcüməçi kimi fəaliyyətini də araşdırıb. Nəticə maraqlıdır: "Hüseyn Kürdoğlu aşıq, klassik şeir ənənələri zəminində formalaşan, əsasən milli heca vəznində yazan təkrarsız şair idi.” Onun poetik dünyası təbiətimiz kimi əl-əlvandır: cinaslı və cinassız dördlüklər, cinaslı bayatılar, təcnislər, qoşmalar, gəraylılar, rübailər, ağılar, təsniflər, ithaflar və s. Hüseyn Kürdoğlu Azərbaycan poeziyasında ilk və hələlik yeganə şairdir ki, bayatı janrında poema yazıb. Qəzənfər Paşayev onu "Zəmanəmizin bayatı ustası” adlandıraraq vaxtı ilə unudulmaz alimimiz Tofiq Hacıyevin verdiyi qiyməti də yada salır: "Dördlük tarixində era yaradan şair”. "Hüseyn Kürdoğlu yaradıcılığının böyük bir qismini heyrətamiz poetik gücü və zənginliyi ilə seçilən, lirik növün bədii cəhətdən kamil növü olan, ölməz sənət əsərləri səviyyəsinə yüksələn bayatılara həsr etməklə, həm sınaq meydanında at çapmış, həm də göstərmişdir ki, folklorun qədim növü belə yeni dövrün fikrini ifadə etməkdə münasib formadır”. Hətta bayatını, qoşmanı vaxtı keçmiş hesab edənlərə şairin poetik cavabı da var:
Şeir yaraşıqdır insan oğluna,
Rəsul hümmətinə, Quran oğluna,
Kim deyir köhnədir qoşma, bayatı,
Qoy desin, nə deyim nadan oğluna?
Başqa bir şeirindəki poetik fikirlər həqiqətən də qürur doğurur ki, bizim belə dərin düşüncəli, dünyanın təzadlarından bezməyən, Məmməd Arazın təbirincə desək, köhnə təzəliyin içində yazıb-yaratmış şairlərimiz olub. Torpağımız qədər köhnə, həm də təzə:
Bir dağam başımın qarı təzədir,
Şerimə bal çəkən arı təzədir,
Kökləri uludur, barı təzədir,
Olmasın bir dənə boyatım mənim.
Müəllifin dərindən tanıdığı və mükəmməl araşdırmaları nəticəsində gəldiyi qənaəti ürəyimizdən xəbər verir: "Kürdoğlu poeziyası bir məktəbdir”. Həqiqətən də onu oxuduqca. çox şey öyrənirsən və bəzən də unutduqlarını yada sala bilirsən. Maraqlıdır ki, şair dördlüklərini klassik şeir üslubunda yazsa da, müasir şerimizin çalarları da güclüdür. Klassik janrlara yenilik gətirən Hüseyn Kürdoğlu deyirdi:
Saz tutub, dərdimi saza deyirəm,
Sözü şax deyirəm, üzə deyirəm,
Şerimin əynində öz donumuz var,
Bu donda hər şeyi təzə deyirəm.
Hüseyn Kürdoğlu yaradıcılığının böyük bir qismini də bayatılarla yanaşı, təcnis, gəraylı, rübai, təsnif və ağılar təşkil edir. Bu bədii nümunələrin bir məziyyətini - yəni oxucular tərəfindən sevilməsinin səbəbini də Qəzənfər Paşayev şairin dilinin canlı, xalq danışıq tərzində və ruhunda olmasında görür. Vətən həsrəti onun bütün yaradıcılığında çox kövrək bir çırpıntıya çevrilib:
Basdırma, torpaq yanmasın,
Oğlum, axıt çaya məni.
Vətən dərdi sönməz olur,
Atarsan dəryaya məni.
Qəzənfər Paşayev şairin arxivini araşdırarkən məlum olub ki, saralmış vərəqlərdə onlarca həcv, satirik və yumoristik şeir öz çapını gözləyir. Hüseyn Kürdoğlu unudulmaqda olan bu janrlarda da mükəmməl nümunələr yaradıb. Kitabdan oxuyuruq ki, şairin həcv və satirik şeirlərində insanı məhv yox, islah etmək bir problemi kimi ortaya qoyulur. Şair özündən razı, özünü öyən adamları ifşa edərək yazırdı: "Qabarmayın köpük kimi, yellənməyin yelpik kimi...” Çünki sonunuz qara qəpiyə dönəcək.
Şairin məhəbbət ünvanlı şeirləri də kədərlə sevincin qol-boyunluğundan yaranıb. Səmimi, təbii və ürəyəyatımlıdır. Qəzənfər Paşayev böyük ehtiramla bildirir ki, şairin bütün məhəbbət şeirlərinin bir baş qəhrəmanı olub: ömür-gün yoldaşı Fəridə xanım. Müəllif bu duyğuların saflığına öz münasibətini belə bildirir: əbədi məhəbbət! Elə bu səmimiyyətin, həqiqi sevginin hökmüdür ki, Hüseyn Kürdoğlunun şeirlərinə neçə-neçə musiqi libası biçilib. İndinin özündə də, müğənnilərimiz böyük şövqlə o mahnıları oxuyurlar:
Mənə əl eyləyib çağırır özü,
Çatılır qaşları, doluxur gözü,
Verdiyi vədəni, dediyi sözü
Yadına salıram, bəyənmir məni.
Kitabda şairin müxtəlif illərdə çəkilmiş fotoları və kitablarının şəkilləri də yer alıb. Yeni nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlıdır. Dünyanın faniliyi barədə Molla Pənah Vaqifdən üzü bəri çox şairlərimiz maraqlı şeirlər yazıblar. Bu sırada Hüseyn Kürdoğlunun öz baxışı var:
Dünyanın əvvəlcə bəh-bəhi varmış,
Sevda bülbülünün cəh-cəhi varmış,
Axırda hər şeyi əlindən alan
Qocalıq deyilən əbləhi varmış.
Qəzənfər Paşayevin yeni kitabı görkəmli Azərbaycan şairi Hüseyn Kürdoğlu barəsində indiyə qədər qələmə alınmış ən mükəmməl əsərlərdən biridir. Burada həm şairin , həm də müəllifin dilinin şirinliyi, səlisliyi diqqət çəkir. İki qələm üstadının dostluğu məhz belə bir məzmunlu kitabın yaranmasına səbəb olmuşdur.
Dördlük sarayımı qurub tikəndən,
Ustadla həmdəməm yaxından, gendən.
Ruhumda Kürdoğlu çinarı bitib
Şairi ilk dəfə gördüyüm gündən.
Əli Rza Xələfli
Sarı Aşıq bulağından su içən, Dədə Şəmşirlə illər boyu ünsiyyət qurub, dostluq edən Hüseyn Kürdoğlunun xalq ruhundan qaynaqlanan poeziyası oxucu tərəfindən sevilir. Onun şeirlərinin leytmotivini yurddaşlıq, vətəndaşlıq qayəsi təşkil edir.
Qocaldıb gətirdi dərd qışa məni,
Gör saldı nə yaman sərt qışa məni.
Laçın torpağına qismət olmasam,
Pay verin çöllərdə qurd-quşa məni.
Onun poetik örnəkləri çağdaş poeziyamızın dəyərli nümunələri kimi geniş elmi təhlilə cəlb olunmağa layiqdir. Ruhun şad olsun, Hüseyn Kürdoğlu !
dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur