Ölüm məşqləri - Vaqif Səmədoğlunun ruhuna ehtiramla


Kənan Hacı

Qəzetlərdən birinin Vaqif Səmədoğluna həsr edilmiş Xüsisi buraxılışını gözdən keçirirdim, buraxılışda şairin gündəliklərindən parçalara da yer ayrılmışdı. Həmin gündəlikləri oxuyarkən bir fikir məni təkrar-təkrar düşünməyə vadar etdi. İki cümlədən ibarət olan həmin fikri bir neçə dəfə oxudum. Şair yazır: “İnsan 40 yaşı tamam olandan sonra rast gəldiyi adamlara salam yox, sağ ol deməlidir. Vidalaşmağa başlamalıdır...”

İndi 50-nin astanasındayam. Məhz bu yaşda belə bir fikrə rast gəlmək və bu amansız həqiqəti bütün varlığınla dərk etmək (anlayırsan ki, bu həqiqətlə barışmaqdan başqa əlacın yoxdu) bir insanın həyat qarşısında növbəti məğlubiyyəti deməkdir. Orta yaş böhranı deyilən bir məfhum var, orta yaş həddinə çatınca artıq insan zərrə-zərrə keçmişdən, öz keçmişindən qopmağa başlayır. Səbəbsiz darıxmalar dövrünə adlayırsan. Bilmirsən ki, kiminçün, nə üçün, hara üçün darıxırsan. Doğulduğun kəndə gedirsən, orda uşaqlığını tapa bilmirsən, görürsən ki, dekorasiya dəyişib, uşaqlığının izləri o kəndin küçələrindən silinib, üstünə də asfalt çəkilib, darıxdığın adamlar köçünü çəkib harasa uzaqlara gediblər, yaddaşın vətəni tarmar olub, şəhərə qayıdırsan, görürsən ki, yaxın keçmişin də şəhərin künc-bucağına səpələnib. Halbuki əvvəllər o yerlər, o adamlar, o ağaclar əlin, gözün çatacaq qədər yaxın idi. Qəfildən anlayırsan ki, sən artıq başqa bir dünya üçün darıxırsan, sənin sevdiklərin keçmişə döndükcə, başqa bir dünyaya köç etdikcə bu dünya tədricən sənə yadlaşır. Sən özün də hiss olunmadan dəyişirsən, başqalaşırsan. Gözünü açıb gördüyün, tanıdığın dünyadan qopma mərhələsi başlayır. Bu yaşdan sonra yaşadığın ömür artıq sağollaşmaya sərf olunur.

Dünyada nə varsa, qeyb olmağa məhkumdur, ona tutunub qalmaq mənasızdır, bu, insana əzabdan başqa heç nə verməyəcək. Nostalgiya darıxmaq hissinin üsyanıdır, insan yaşa dolduqca içindəki nisgil də böyüyür və tədricən büsbütün onu əhatə edir. Ömür başa çatanda insanın keçmişindən başqa heç nəyi qalmır. Vaqif Səmədoğlunun bir şeirini xatırlayaq:

Allahdan da, dünyadan da,

Çox yapışıb durdun sən,

Allahı da, dünyanı da

əldən salıb yordun sən.

Səndən keçdi, indi fələk

qapını bağlayacaq.

Bəlkə indən belə ölüm

sənə gün ağlayacaq...

Allah insanı yaradanda onun üçün xilas yolu da qoyub – ölüm.Ölümün substansiyası elə həyatın özüdür, axı həyat olmasa, ölüm də olmaz. Joze Saramaqonun “Təxirə salınmış ölüm” romanındakı hadisələri xatırlayın. Ölüm öz işinə ara vermək qərarına gəlir, insanlar ölmür, bundan sonra onların talelərinə əbədi yaşamaq yazılır. Bir müddət keçir, kilsədə keşişlər Allaha dua edirlər ki, ölümü qaytarsın. Ölümün yoxluğu fəlakətə çevrilir. Ölüm gecikdikcə həyat insanlar üçün cəhənnəmə çevrilir. Dünya onlara dar gəlir. Şair bu dünyadan yorulduğunu belə ifadə edir: “Bir dünya da olsaydı, həyan olardı hamımıza”. İnsanlardan qopub Allaha yaxınlaşma zamanında mənəvi katarsis başlayır. Bu məqamda Vaqif Səmədoğlunun adaşı, müasir Azərbaycan şeirində öz poeziyasıyla yeni bir mərhələ yaratmış Vaqif Bayatlı Odərin misrası yada düşür: “Dünya gözümdə söndükcə sən görünürsən, İlahi...”

Şairlər ilahi sirrə adi insanlardan bir köynək yaxındılar. Onların poeziyasındakı “ölüm məşqləri” əslində bu dünya ilə poetik halallaşmadır. Vaqif Səmədoğlu ölümdən ən çox yazan şair olsa da həyata hamıdan daha artıq bağlı bir insan idi. Ölümün qarşısında sınmayan, onun gözünün içinə dik baxan, hətta ölümlə zarafat edəcək qədər cəsarətli bir şəxsiyyət idi. Bu şeir onun ölümlə sonuncu və şahanə zarafatı idi:

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Bu,VaqifSəmədoğlunun yaşam modeliidi. Özünün qurduğu Söz səltənətində ölümlə bağrıbadaş olub gözəl, mənalı, möhtəşəm bir həyat da yaşamaq mümkünmüş! Bəlkə də bu səltənətdə o, ömrü yox, ölümüyaşayırdı.Özü də yazmışdı axı: “Ölüm, səni çox yaşadım”. O, müsahibələrindən birində deyirdi ki, “mənim ölümdən çox yazmağım ömürlə ölümü barışdırmaq, insanı da hər ikisinə alışdırmaq cəhdidir. İndi sən həyatının ömür hissəsini yaşayırsan, sonra isə ölüm hissəsini yaşayacaqsan. O da həyatdır. Təkcə ömrü yox, ölümü də yaşamalısan”. Vaqif Səmədoğlu belə deyirdi, belə düşünürdü…

Vaqif müəllimlə poeziyadan kənar, başqa vərdişləri, hobbisi haqqında ayrıca bir müsahibə eləmək istəyirdim.Bir-iki dəfə zəngləşdik, onda hələ amansız xəstəliyin izi-sorağı yox idi.Razılaşdı, ammahərdəfəgörüşvaxtıqeyri-müəyyənvaxtaqalırdı.Sonuncu dəfə “İçərişəhər” metrosundan çıxanda Vaqif müəllimi gördüm. Əlində kitablar vardı, kimisə gözləyirdi. Görüşdük, hal-əhval tutdu, özü haqqında yazılmış yazıların, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrin toplandığı kitabı mənə hədiyyə etdi.

-Başqa kitablarım səndə var? – deyə soruşdu. Bütün kitablarınız məndə var, Vaqif müəllim. Hətta sovet dövründə çıxanları da axtarıb tapmışam, - dedim. Gülümsədi. 2000-ci ildə Vaqif müəllimin 60 yaşına bir yazı yazmışdım.“Yaşıl uzaq ada”ya səyahət və ya azadlıqla baş- başa”. Həmin yazı mətbuatda dərc olunmuşdu. Haqqında yazılanlardan ibarət kitabda öz yazımı axtardım, rastıma çıxmadı. Həmin yazını Vaqif müəllimə xatırlatdım. Əlini çiynimə qoyub dedi:

-Kənan, qadan alım, xatırlayıram o yazını. Vallah, kitab hazırlananda nəsə tapa bilmədim. İstəsən, təkrar çap etdirərsən.

-Yaxşı, -dedim. Amma tale eləgətirdi ki, nə biz Vaqif müəllimlə görüşüb söhbətləşə bildik, nədə o yazını yenidən çap etdirməyə imkan oldu. Sonra şairin amansız xəstəliklə mübarizəsi başladı… Həmin yazı arxivimdə qalır, nə vaxtsa mütləq yenidən çapa verəcəm. Vaqif müəllimi bir də Akademik Dram teatrında özünün 75 illik yubileyində gördüm. Cismən çox zəifləmişdi, amma həmişə olduğu kimi həyat eşqiylə dolu idi… Salona toplaşanların hamısı bilirdi ki, şair bu dəfə doğrudan da oxucuları ilə, dostları ilə, onu sevənlərlə sağollaşır.

O, bu həyatda ölümü də ömür kimi yaşadı…

*******

Nüşabə xanım Vəkilovanın “Mən sənin yuxunam” kitabını oxuyuram. Azərbaycan poeziyasının ən böyük şairlərindən olan Vaqif Səmədoğlunun ömür-gün yoldaşının xatirələri çox mətləblərə işıq salır. Onu hamıdan yaxşı tanıyan, müxtəlif situasiyalarda yaxından müşahidə edən Nüşabə xanımın anıları son dərəcə ilgincdir. Bu kitab Vaqif Səmədoğlunun həyat və yaradıcılıq konsepsiyası haqqında individual bir salnamədir.

Düşünürəm ki, Vaqif Səmədoğlu Tanrının ən sevimli bəndələrindən olub. Nüşabə xanım onun taleyinə Günəş kimi doğub. Bu, əlbəttə, Tanrının lütfüdür. Həyatımız boyunca müxtəlif sevgi romanları oxumuşuq. Hələ uzaq gənclik illərimizdə Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” kitabı çıxanda o kitabı necə acgözlüklə oxuduğumuzu xatırlayıram. Hər şeiri su kimi içirdik, təkrar-təkrar oxuyurduq, o misraların arxasında gizlənən mənalara vaqif olmaq ehtirası ilə şeirləri təhlilə çəkirdik. Yadımdadır, bu iki misra çox xoşuma gəlmişdi və bloknotuma qeyd etmişdim:

Doğulub dünyaya göz açan gündən,

hər oğlan Məcnundur, hər qız Leylidir.

Amma Vaqifin Məcnunluğu cəsarətli, hünərli, mərdanə Məcnunluq idi. O, öz Leylisinə - Nüşabə xanıma taleyinin bir parçası kimi yanaşdı və onu sonsuz bir məhəbbətlə sevdi. Nüşabə xanım bu möhtəşəm sevginin əbədi ünvanı oldu. “Mən sənin yuxunam” kitabı mənim nəzərimdə ən gözəl Sevgi Dastanıdır. Belə gözəl sevgi olarmı, İlahi?!

Zaman heç vaxt bu hisləri, duyğuları korşalda, aşındıra bilməz. Vaqif Səmədoğlu Nüşabə xanımın ən böyük həqiqətidir. Nüşabə xanım Vaqif Səmədoğlu ömrünün limanıdır.

Qoy tarixdə adım qalsın

Nüşabənin qulu kimi.

Onun sevgi etirafları da möhtəşəmdir. Vaqif Səmədoğlu Nüşabə xanıma olan sevgisini taleyinin ayrılmaz parçasına çevirməyi bacardı. Bir gecə onların qapısını döyüb anasına: “Qızınız mənim taleyimdir, biz bir yerdə olmalıyıq...” – deyən gündən hər ikisi anladılar ki, daha bir-birlərindən ayrı yaşaya bilməzlər.

Onlar ayrılmaz dostlar idilər – Anar, Yusif Səmədoğlu,Vaqif Səmədoğlu, Emin Sabitoğlu, Araz Dadaşzadə...

Anar müəllimin fikirlərini xatırlayıram: “Bəzi dostlarımı ölüm aldı, bəzilərini həyat”.

Vaqif Səmədoğlu ölümün aldığı dostlardan idi...

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ