Bakı və İrəvan anlaşır - Sülh masasını bu adamla dağıtmaq istəyirlər


Ermənistanda aksiya iştirakçılarını idarə edən keşiş Baqrat görünür ki, vaxtilə 2018-də Paşinyanın yolunu təkrar etmək istəyir. Ağlı çatmır ki, heç olmasa, yol marşrutunu da dəyişdirsin. Çünki həmin marşrutla İrəvana gedir. Amma realıq odur ki, camaat toplaşmır. Orada genişmiqyaslı kütlə yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, vaxtilə Paşinyan camaatı yığanda hakimiyyətə qarşı konkret iddialarla çıxış edirdi:

“Qarabağ klanı artıq gözdən düşmüşdü və orada erməni xalqı onları çoxdan uzaqlaşdırmaq istəyirdi. Paşinyan bunu çox asanlıqla elə etdi. Bu keşiş isə hesab edir ki, Paşinyanın yolunu təkrar edə bilər. Amma zaman o zaman deyil. Buna əsaslı səbəblər də yoxdur. Çünki həmin o kəndlər Azərbaycana məxsus olan ərazilərdir. Düşünürəm ki, camaatı İrəvana gətirməklə nə Baqrat, nə də onun tərəfdarları heç bir şeyə nail ola bilməyəcəklər. Ola bilər ki, orada müəyyən toqquşmalar baş versin. Konkret məqsədlərinə çata bilməyəcəklər”.

Politoloq bildirib ki, İrəvan siyasətində müəyyən yumşaqlıq var:

“Onlar anlayır ki, burada bir sıra xarici qüvvələrin əli ola bilər. İrəvan təxribatların qarşısını almaq üçün qabaqlayıcı addımlar atır. Onlar gözəl bilir ki, Azərbaycanın hücum edici addımları səngiməyəcək. Bu ərazilər Azərbaycana məxsus olan torpaqlardır. Burada Almatı deklarasiyası danışıqlarda delimitasiya məsələsində əsas olmalıdır. Amma vaxt dəyişilib. 1990-cı illərin əvvəli ilə indiki dövr tamamilə başqa vaxtdır. Burada yeni bir məqamlar əlavə olunmalıdır. Düşünürəm ki, Azərbaycan kifayət qədər aydın şəkildə İrəvana fikrini çatdırıb. Artıq bu istiqamətdə hələlik işlər müsbət şəkildə cərəyan edir. Bu prosesi tezləşdirmək lazımdır. Əlimizdən gələni edəcəyik ki, bu sülh müqaviləsi tezliklə imzalansın”.


MANŞET XƏBƏRLƏRİ