Qazaxın kəndləri nəzarətimizə nə zaman keçəcək? – Təhvil-təslim proseduru belə aparılacaq


“Azərbaycan xalqı növbəti qələbəni yaşadı. Vətən torpaqlarının işğaldan azad olunmasına rəhbərlik edən Alo Baş Komandanın siyasəti həm də neoimperialist dairələrin Cənubi Qafqazla bağlı illər uzunu qurduğu planları da ifşa etdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Zeynal Əmrəliyev Qazaxın işğaldan azad ediləcək 4 kəndinin nə vaxt tam nəzarətimizə keçməsi və məskunlaşma necə aparılacağı haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qazaxın kəndlərinin azad edilməsi möhtəşəm qələbələr silsiləsinin növbəti mərhələsidir:

“Fransanın təxribatçı hərəkətləri, ABŞ Dövlət Departamentinin Rusiya qoşunlarının çıxarılması zamanı verdiyi qərəzli açıqlama bir daha sübut edirdi ki, bu ölkələr Cənubi Qafqazda sülhün yaranmasını arzu etmirlər. İlham Əliyevin strategiyası bu planları darmadağın etdi.

Qazax rayonunun 4 anklav olmayan kəndinin yaxın zamanda Azərbaycana təhvil verilməsi gözlənilir. Delimitasiya prosesində ilk addım məhz bu ərazilərdən aparılacaq. Prosesin bu istiqamətdən aparılması da Azərbaycan dövlətinin möhtəşəm qələbəsidir. Çünki Ermənistan tərəfi vəziyyətdən boyun qaçırmağa çalışırdı. Bir neçə gün öncə Delimitasiya Komissiyasının Ermənistandan olan həmsədri, Nikol Paşinyanın müavini Mher Qriqoryan sərhədlərin Tavuş deyil, başqa istiqamətdən müəyyən ediləcəyi barədə məlumat vermişdi. Ancaq İlham Əliyevin prinsipial siyasəti nəticəsində delimitasiya prosesinə məhz bu bölgədən başlayacaq və 4 kənd dərhal qatılacaq.

Artıq proses başlayıb və yaxın zamanda kəndlərimizə qayıdacağıq. Orda məskunlaşma çox yaxın zamanda aparılacaq. Azərbaycanın artıq bu sahədə təcrübəsi var. Həmin kəndlər 30 ildən artıq müddətdə dağıdılıb, ermənilər oranı viran ediblər. Geri alınan kəndlərimizdə müasir standartlara uyğun infrastruktur layihələri icra ediləcək və bundan sonra kənddən köçmüş əhali geri köçürülərək, onların yaşayışı təmin ediləcək. Bundan sonra Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin doğma Qazax elinə və Azərbaycana qatılması tamamilə baş tutacaq. Bu kəndlər bir daha öz sahibindən ayrılmayacaq. Üçrəngli bayrağımız necə Qarabağ üzərində əbədi dalğalanırsa, bu kəndlərin üzərində də əbədi qalacaqdır”.


MANŞET XƏBƏRLƏRİ