Zəngəzur dəhlizi açılır: Prezidentlərin Moskva görüşündə mühüm razılaşma gözlənilir


Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya sülhməramlılarının Azərbaycandan çıxması və Qazaxın 4 kəndinin qaytarılması fonunda bu səfər diqqət çəkir.

Prezident İlham Əliyev rusiyalı həmkarı ilə indiki şəraitdə və şərtlərdə nələri məsləhətləşəcək? Bu görüş Zəngəzur dəhlizi, rus qoşunlarının çıxması, Qazaxın kəndlərinin işğaldan azad edilməsi, Ermənistanla sülh sazişi imzalanması məsələlərinə nə kimi təsir göstərəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri çox önəmli bir zaman kəsiyinə təsadüf edir və şübhəsiz ki, dünyanın diqqət mərkəzindədir:

“Görüş çərçivəsində müzakirə olunacaq məsələlərin ümumi komponentləri açıqlansa da, hər iki tərəf üçün önəm kəsb edən mövzuların daha geniş olduğunu düşünürəm. Çünki Azərbaycan, sadəcə sıradan bir postsovet dövləti deyil, qlobal proseslərin aktiv oyunçularından biridir.

Türk dövlətləri arasında inteqrasiya prosesinin önəmli həlqəsi, ideoloji mərkəzi məhz Azərbaycandır. Eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində təkcə Cənubi Qafqazda və ətraf regionlarda deyil, bütövlükdə Avrasiyada yaranan reallıqlar, regional əməkdaşlıq formatlarının perspektivi üçün geniş imkanlar yaradıb. Bu xüsusda Rusiyada keçirilən görüşün, bütövlükdə postsovet məkanında iqtisadi əlaqələrin genişləndirilməsi, kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi və şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyacağını düşünürəm.

Bişkekdə İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub

İlham Əliyev və Vladimir Putin

Səfər ətrafında pozitiv amilləri artıran faktorlar, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il bəyanatında nəzərdə tutulan müddətdən tez tərk etmələri, Qazaxın anklav olmayan 4 kəndinin geriyə qaytarılması ilə bağlı əldə olunan razılaşma, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin de-fakto başlanılmasıdır. Qənaətimə görə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm istiqamətlər də müzakirələrin aparılmasına imkan yarada bilər”.

Globalinfo.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Moskva görüşü daha çox Zəngəzur dəhlizinin açılması ətrafında keçiriləcək. Görüşdə Rusiyanın, İranın, Türkiyənin, Ermənistanın maraq və mənafelərinin uzlaşdırılaraq, ortaq nəticəyə gəlinəcəyi deyilir. Prosesin dominant ölkəsi isə Azərbaycandır. Mənbə bildirir ki, İlham Əliyev bu görüşdə həm də Türkiyəni təmsil edir.

Məntiqlə də yanaşdıqda, növbəti hədəfin Zəngəzur dəhlizinin açılması olduğu gün kimi aydındır. Bundan sonra isə Cənubi Qafqaz, Mərkəzi Asiya, bütövlükdə Avrasiya regionu özünün dinc və sabit dövrünə keçid edərək, inkişaf yoluna qədəm qoyacaq.


MANŞET XƏBƏRLƏRİ