Fələstin dövlətinin tanınması nə ilə nəticələnəcək? - BBC


Qəzzada döyüşlər davam etdikcə və İordan çayının qərb sahilində zorakılıq artdıqca, Fələstin dövlətinin yaradılması perspektivi həmişəkindən daha uzaq görünə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə BBC-nin diplomatik müxbiri Ceyms Landeyl yazır.

Bir neçə Avropa ölkəsinin Fələstin dövlətinin mövcudluğunu rəsmən tanımaq qərarı Fələstin ambisiyalarının nəhəng maneələrlə üzləşməkdə davam etdiyi reallığını dəyişməyəcək.

Lakin İrlandiya, İspaniya və Norveçin bəyanatları digər Avropa ölkələrinə, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyaya Fələstinin öz müqəddəratını təyin etməsinə dəstək verilməsinə təzyiq göstərəcək.

"Bu, olduqca mühüm addımdır. Bu, İsrail hakimiyyətinin onları dinləməkdən imtina etməsindən avropalıların məyusluğunu göstərir. Və bu, Aİ-yə eyni addım atması üçün təzyiq edir”, - yüksək rütbəli ərəb diplomatlarından biri deyir.

İsrail hakimiyyəti təkid edir ki, indiki vəziyyətdə Fələstin dövlətinin rəsmi tanınması yalnız HƏMAS-ın əlinə işləyəcək və silahlı münaqişənin diplomatik yolla həlli ehtimalı daha da azalacaq.

Dünyanın əksər ölkələri - ümumilikdə 139-u Fələstin dövlətini rəsmən tanıyır.

Mayın 10-da BMT-yə üzv olan 193 ölkədən 143-ü Baş Assambleyada Fələstinin BMT-yə tam üzv olmaq istəyini dəstəkləmək üçün səs verib.

Fələstinin hazırda BMT-də geniş müşahidəçi status var, bu da ona Assambleyada yer versə də, səs vermək hüququnu vermir.

O, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınır.

Avropada ölkələrin yarısından azı Fələstin dövlətini tanıyır. Tanıyanlar arasında Macarıstan, Polşa, Rumıniya, Çexiya, Slovakiya və Bolqarıstan (hamısı 1988-ci ildən) var, daha sonra onlara İsveç, Kipr və Malta qoşulub.

Bununla belə, bir çox Avropa ölkələri, ABŞ kimi, yalnız Yaxın Şərqdə münaqişənin uzunmüddətli siyasi həllinin bir hissəsi kimi Fələstin dövlətini tanımağa hazır olduqlarını bildirirlər.

Belə bir həll çox vaxt "iki millət üçün iki dövlət” adlanır: onun çərçivəsində həm israillilər, həm də fələstinlilər öz sərhədləri olan və heç bir mübahisəli əraziləri olmayan öz ayrı-ayrı dövlətlərinin olmasına razılıq verməlidirlər.

Fələstin dövlətinin nə zaman tanınması ilə bağlı Avropa ölkələri və ABŞ-ın mövqeləri fərqlidir.

İrlandiya, İspaniya və Norveç siyasi prosesə başlamaq üçün bunu indi etdiklərini deyirlər. Onlar iddia edirlər ki, hazırkı böhranın qalıcı həlli o zaman tapılacaq ki, hər iki tərəf öz baxışlarını hansısa siyasi üfüqə yönəldə bilsin.

Bu ölkələr həm də fələstinlilərə daha çox dəstəklə bağlı daxili siyasi təzyiqlərə reaksiya verirlər.

Keçmişdə bir çox Qərb ölkələrinin mövqeyi belə idi ki, Fələstin dövlətçiliyi yekun sülh sazişinin mükafatı olmalıdır.

Bununla belə, Böyük Britaniyanın xarici işlər naziri lord Kemeron və bəzi digər Avropa ölkələri son aylarda mövqelərini dəyişərək, Fələstin dövlətçiliyinin tanınmasının siyasi həll prosesini sürətləndirməyə kömək etmək üçün daha tez baş verə biləcəyini bildiriblər.

Fevral ayında prezident Emmanuel Makron bildirib ki, "Fələstin dövlətinin tanınması Fransa üçün tabu deyil”.

Artıq may ayında Fransa Baş Assambleyada səsvermə zamanı Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyib.

ABŞ məsələni avropalı müttəfiqləri ilə özəl olaraq müzakirə edib, lakin çox ehtiyatlıdır və bu siyasətin təcrübədə nə demək olacağına dair daha aydın təsəvvür yaratmaq istəyir.

Beləliklə, əsas pərdəarxası müzakirə tərəfdar ölkələrin Fələstin dövlətini nə vaxt tanımalı olduğu ilə bağlıdır.

İsraillilər fələstinlilərlə rəsmi sülh danışıqlarına nə vaxt başlayacaqlar? Bəlkə İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri normallaşdıranda? Bunu hansı tarixə uzlaşdırmaq lazımdır?

Başqa sözlə, bu insanlar istəyirlər ki, Fələstin dövlətinin tanınması sülh üçün vacib, diplomatik nəticə əldə etmək üçün əlverişli və uyğun məqam olsun.

"Bu, Qərb ölkələrinin əlində olan güclü kartdır. Bu şansı əldən vermək istəmirik", - Qərb rəsmilərindən biri deyib.

Problem ondadır ki, Fələstin dövlətinin tanınması əlaqəli həyati məsələlərin həllini tələb etməyəcəksə, daha çox simvolik bir jestdir.

Sərhədlər harada olmalıdır? Paytaxt harada yerləşəcək? Bunun nəhayət baş verməsi üçün münaqişənin hər iki tərəfi nə etməlidir?

Bu, onilliklər ərzində cavabı tapılmayan çətin suallardır.

Bu arada qeyd etmək olar ki, Fələstin dövlətinin mövcudolma hüququ bir sıra digər Avropa dövlətləri tərəfindən də rəsmən tanınıb.

Tərəfdarlar bu addımı alqışlayacaq, əleyhdarlar bunu pisləyəcək.

Bu, çətin ki, fələstinlilərin acınacaqlı gündəlik reallığını dəyişdirsin. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ