Rusiya-Ukrayna müharibəsində qalib kim olacaq?


“Rusiya-Ukrayna müharibəsində qalib ABŞ və onun müttəfiqləri olacaq”.

Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya şərhində Rusiya-Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyi ilə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, Qərb bu müharibədə öz hədəflərinə nail olub:

“Rusiya ilə Ukrayna arasında müharibənin nə ilə nəticələcəyindən asılı olmayaraq, bu müharibədə nə Moskva, nə də Kiyev qalib gələcək. Hətta Rusiya Ukraynanın böyük hissəsini işğal etsə, yaxud Ukrayna rus ordusunu öz ərazisindən qovub çıxarsa belə, bu müharibənin əsas qalibi ABŞ və onun müttəfiqləri olacaq. Bu, əvvəlcədən proqnozlaşdırılıb.

Nəticə etibarı ilə bu müharibədə ən çox itirən tərəflər Rusiya və Ukraynadır. Qərb qarşısına qoyduğu hədəflərə nail oldu. Qarşıya qoyulan ilkin hədəf NATO-nun şimal-şərqə doğru genişləndirilməsi, yəni İsveç və Finlandiyanı alyansa üzv etmək idi. Finlandiya NATO-nun üzv ölkəsi olmaqla Rusiya NATO sərhədi daha da genişlənib.

İkincisi, Rusiyanı iqtisadi cəhətdən çökdürmək idi. Bu missiya da uğurla həyata keçirilib. Artıq Rusiya qazının satışını məhdudlaşdıracaq sanksiyalar da tətbiq edilib. Bu, Rusiya iqtisadiyyatına çox böyük zərbə vuracaq.

Üçüncüsü, qarşıya qoyulan digər hədəf Rusiyanın silah-sursat və hərbi texnikasını tükəndirməkdir. Bu istiqamətdə də nailiyyətlər əldə olunub. Bəzi mənbələrin məlumatlarına görə, Rusiyanın hərbi sursat ehtiyatı tükənmək üzrədir.

Bütün bunlarla yanaşı, iki qardaş xalqı – Rusiya və Ukraynanı bir-birinə düşmən etmək də hədəf kimi götürülmüşdü. Buna da nail oldular. Ukraynanın müharibə dövründə itirdiyi iqtisadi gəlirləri geri qaytarmaq, o cümlədən viran edilən şəhərlər, kəndlər və qəsəbələrin bərpası üçün külli midarda maliyyə vəsaiti lazımdır.

Rusiyanın da özünə gəlməsi üçün yüz milyard dollar dəyərində vəsaitə ehtiyac var. Bu baxımdan Rusiya və Ukrayna bu müharibədə qalib olmayacağı qətidir. Bu müharibədən qalib çıxan ABŞ və onun müttəfiqləri olacaq”.


MANŞET XƏBƏRLƏRİ