Deputat: "AYNA yalnız cərimələrlə məşğuldur, parkinqlərdə müdafiə, təhlükəsizlik tədbiri görülmür"


“Sürücülərin vəziyyəti ilə bağlı məsələ məni hədsiz narahat edir. Çünki vətəndaşlar on il bundan əvvəllə müqayisədə indi on dəfə çox cərimə ilə qarşılaşırlar. Yolda gedirsən, sürət həddini, yaxud hansısa zolağı keçirsən, velosiped zolağına keçirsən, parklanma qaydalarını pozursan, hər yerdə cərimə, cərimə, cərimə... Doğrudur, qayda pozuntusu varsa, cərimə olmalıdır. Amma məsələ bundan ibarətdir ki, vətəndaşlar bu qədər cərimələrin qarşısında ciddi əsəb, maddiyyat sıxıntısı keçirirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat parklanma ilə bağlı problemlərə də toxunub: “Əvvəllər 1 manat ödənilirdi, avtomobil qorunurdu. İndi isə bu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA-red) yalnız cərimələrlə məşğuldur. Heç yerdə müdafiə, təhlükəsizlik tədbiri görülmür. Görürsən ki, parklanma yerinin yanında tikinti işi aparılır, bina tikilir. Heç bir avtomobilin təhlükəsizliyi təmin olunmur. Heç olmasa, belə vəziyyətdə təhlükəli əraziyə kamera quraşdırılsın, kameradan nəzarət etməklə avtomobillərin təhlükəsizliyi təmin edilsin. Yaxşı, bəzi şeylərə gücümüz çatmır. Heç olmasa bunu edək. Aldığınız pulun qarşılığında avtomobillərin təhlükəsizliyi də təmin olunsun. Vallah, mən söz deyəndə dərhal elə bilirlər ki, AYNA-ya, yaxud AQTA-ya qarşı qərəzimiz var. Nəsə təndiqi söz deyəndə, düşünürlər ki, şəxsi qərəz nöqteyi-nəzərindən deyirsən. Həqiqətən, bunlar vətəndaşları kütləvi narahat edən hallardır. Tədbir görmək lazımdır”.


MANŞET XƏBƏRLƏRİ