Sahibsiz itlər təhlükə saçır - necə davranmalı...?


"Bir küçə iti uşağı dişləyib, həyatı təhlükədədir deyə buna görə bütün itlərə qarşı kampaniya getməməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Qobuda küçə itlərinin az yaşlı uşağa hücumundan danışarkən deyib.

Elnur Rüstəmov qeyd edib ki, ərazidə sahibsiz itlər varsa, bununla bağlı əlaqədar qurumlara məlumat verilməli, tədbirlər alınmalıdır:

"Bu məsələdə ilk növbədə valideynlər diqqətli olmalıdırlar. Sahibsiz itlər uşaqlara, qadınlara daha çox hücum çəkir, kişilər müəyyən qədər özlərini qoruya bilirlər".

Psixoloq sahibsiz itlərin uşaqlara hücumundan sonra onlarda yarana biləcək travmaları açıqlayıb:

"Hadisədən sonra uşaqların nitqində problem yaranır. Bəzi uşaqlarda kəkələmə yaranır, yatanda gecə islatmaları baş verir. Bəzi uşaqlarda fobiyalar, qorxular yaranır. Yaxşı olar ki, belə hallarda uşaqlarda dərin travmaların yaranmaması üçün ən qısa zamanda psixoloji dəstək alsınlar".

Elnur Rüstəmov hətta belə hadisələri əks etdirən videolara baxan uşaqlarda da travmaların yarana biləcəyini ehtimal edir:

"Uşaqlarda gərginlik yaradır. Sahibsiz heyvanların öldürülməsi belə uşaqların psixologiyasına mənfi təsir edir. Belə hallarda heyvanları öldürmək olmaz, əlaqədar qurumlara məlumat vermək daha doğru olardı. Bağçalarda, məktəbdə və eləcə də insanlarda heyvanlara qarşı doğru-düzgün münasibət formalaşdırmaq lazımdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır".

Qeyd edək ki, Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videodan küçə itlərinin azyaşlı uşağa xəsarətlər yetirdiyi qeyd edilir.


MANŞET XƏBƏRLƏRİ