İsrail Suriyanı vurdu: Ölənlər var


Suriya dövlət mediası İsrailin gecə ərzində Suriyanın mərkəzində bir çox bölgəni vurduğunu və hücumlar nəticəsində 14 nəfərin öldüyünü bildirib.

Turkustan.az xəbər verir ki, Suriya dövlət mediası İsrailin gecə boyu həyata keçirdiyi hücumlarda Hama əyalətinin mərkəzində ən azı 14 nəfərin öldüyünü, ölənlərin sayının isə əvvəlki yeddi nəfərdən artdığını açıqlayıb.

İki regional kəşfiyyat mənbəsinin Reuters-ə verdiyi məlumata görə, Misyaf yaxınlığındakı böyük hərbi tədqiqat mərkəzi bir neçə dəfə vurulub. Bu mərkəzdə silah istehsalı ilə məşğul olan iranlı hərbi ekspertlərdən ibarət komandanın yer aldığı iddia edilir.

Rəsmi xəbər agentliyi Sana-nın tibbi mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, İsrailin Misyaf ətrafındakı bəzi bölgələrə hücumları nəticəsində həyatını itirənlərin sayı 14-ə, yaralıların sayı isə 6-sı ağır olmaqla 43-ə yüksəlib.

“Bazar günü axşam saat 23:20 radələrində İsrail düşməni Livanın şimal-qərb istiqamətindən mərkəzi bölgədəki (Suriyanın) bir sıra hərbi məntəqələrinə hava zərbəsi endirib”, - hərbi mənbə xəbər agentliyinə bildirib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz hücumçunun raketlərinə qarşı çıxıb və onların bəzilərini vurub”, - mənbə əlavə məlumat vermədən deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ