Avropada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı məsələnin yenidən qlobal gündəmə gətirilməsi onu göstərir ki, hazırda beynəlxalq təhlükəsizlik sistemi artıq əvvəlki qaydalar çərçivəsində işləmir... Ona görə də, indi ən böyük qlobal risk məhz nəhəng dövlətlər arasında hərbi böhran anlarında mümkün nəticələr ilə bağlı yanlış hesablamaların aparılma və qarşılıqlı təhdidlərin nəzarətdən çıxma ehtimalıdır...
Qərb ölkələri və Rusiya arasında kəskinləşməkdə davam edən hərbi-siyasi qarşıdurma dünyada yeni silahlanma mərhələsinə yol açmağa başlayıb. Üstəlik, “nüvə kabusu”nun qorxunc “kölgə”si yenidən Avropa məkanının üzərini örtmək üzrədir. Çünki “soyuq müharibə”dən sonra formalaşmış mövcud qlobal təhlükəsizlik sisteminin əsas dayaqları son illərdə artıq ciddi şəkildə sarsıdılıb.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı, Rusiya ilə Qərb ölkələri arasında dərinləşən geopolitik qarşıdurma və artan hərbi gərginlik hazırda Avropa qitəsini yenidən təhlükəli nüvə strategiyalarının əsas mərkəzinə çevirir. Xüsusilə də, ABŞ-ın Avropa məkanında nüvə silahlarının yerləşdirilməsi üzrə proqramın genişləndirilmə imkanlarını müzakirə etməsi isə bu prosesin ən önəmli əlamətlərindən biri hesab olunur. Və bu, qlobal məkanda birbaşa nüvə qarşıdurması ilə bağlı təhlükəni daha da ön plana çəkmiş olur.
Məsələ ondadır ki, son məlumatlara görə, ABŞ NATO üzrə müttəfiqləri ilə “nüvə çəkindirmə mexanizmləri”nin genişləndirilməsi istiqamətində birbaşa danışıqları intensivləşdirib. Eyni zamanda, Rusiyanın sərhədlərinə daha yaxın coğrafiyada yerləşən Polşanın və Baltikyanı dövlətlərin də bu nüvə proqramında iştirak imkanına açıq şəkildə maraq göstərməsi Avropa məkanının təhlükəsizlik sistemində yeni dəyişikliklərin baş verə biləcəyini sezdirir. Və bu proses yalnız hərbi müdafiə infrastrukturunun coğrafiyasının dəyişməsi deyil, həm də birbaşa siyasi mesaj xarakteri də daşıyır.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərb, ümumilikdəsə, NATO üçün hədəf Kremlin mümkün hərbi addımlarını elə əvvəlcədən bloklayaraq, məhdudlaşdırmaq və Rusiya qarşısında “preventiv strateji çəkindirmə sistemi” yaratmaqdan ibarətdir. Kreml isə NATO-nun şərq cinahında nüvə potensialının ciddi şəkildə artırılmasını Rusiya üçün birbaşa təhlükə qaynağı kimi qəbul edir. Və bu, Kremlin cavab reaksiyası olaraq, Rusiyanın hərbi-strateji planlarını daha da sərtləşdirmə ehtimalını ciddi şəkildə artırır.
Əslində, Avropa məkanının təhlükəsizlik sistemində nüvə silahlarının yenidən ön plana çıxarılması son onilliklərin ən böyük geopolitik dönüş nöqtələrindən biridir. Belə ki, ötən əsrin 90-cı illərindən sonra Avropada əsas hərbi-siyasi mövqe ondan ibarət idi ki, təhlükəsizlik sistemi diplomatiya, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq üzərindən də təmin edilə bilər. Ancaq Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bu yanaşma tərzinin ciddi şəkildə dəyişməsinə səbəb oldu.
Ona görə də, hazırda Rusiya və Qərb ölkələri arasındakı münasibətlər artıq klassik siyasi-diplomatik rəqabət çərçivəsindən kənara çıxaraq, geostrateji qarşıdurma mərhələsinə keçid etməyə başlayıb. Belə ki, Ukrayna müharibəsi indi yalnız regional münaqişə xarakteri daşımır. Və bu savaş hazırda həm də ABŞ, NATO ölkələri və Rusiya arasında gələcək dünya nizamının formalaşdırılması uğrunda davam edən mübarizəsini daha da dərinləşdirən əsas faktorlardan birinə çevrilməyə başlayıb.
Bütün bunları nəzərə aldırda, hazırda dünya ölkələrinin nüvə silahına xərclədiyi maliyyə vəsaitlərinin məbləğinin artıq rekord həddə çatması da qətiyyən təsadüfi deyil. Belə ki, 2025-ci ildə nüvə klubuna daxil olan dövlətlərin sahib olduqları nüvə arsenallarının saxlanılması və modernləşdirilməsi üçün ayırdığı maliyyə vəsaitlərinin 118,8 milyard dollara yüksəlməsi qlobal silahlanma yarışının daha sürətləndiyini göstərir. Bu baxımdan, ən böyük xərclər məhz ABŞ-ın payına düşür. Onun ardınca isə Çin, Böyük Britaniya, Rusiya və digər nüvə dövlətləri gəlir. Və bu önəmli rəqəmlər isə onu göstərir ki, dünya nəhəngləri gələcəyin təhlükəsizlik modelini artıq siyasi-diplomatik razılaşmalardan daha çox, hərbi təhdidlə rəqibi aqressiyadan çəkindirmə potensialı üzərində qurmağa çalışırlar.
Ancaq buna baxmayaraq, nüvə silahlanmasının genişlənməsi beynəlxalq təhlükəsizlik sistem üçün ciddi paradoks da yaradır. Belə ki, böyük dövlətlər öz təhlükəsizliklərini artırmaq məqsədilə daha çox silah növləri əldə etdikcə, qarşı tərəfdə, yəni, qlobal rəqibdə də təhlükədən narahatlıq hissi ciddi şəkildə güclənir. Və nəticədə bu proses isə yalnız yeni silahlanma dalğasına deyil, həm də qarşılıqlı inamsızlığa da səbəb olur.
Maraqlıdır ki, Ukrayna müharibəsi məhz bu hərbi risklərinin ən təhlükəli örnəyi hesab olunur. Belə ki, Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası yaxınlığındakı nüvə infrastrukturu ilə bağlı obyektin Rusiya tərəfindən hədəfə alınması beynəlxalq diqqətin yenidən nüvə təhlükəsizliyi məsələsinə yönəlməsinə səbəb oldu. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın bu yolverilməz davranışına sərt reaksiya verərək, nüvə obyektləri yaxınlığında aparılan hərbi əməliyyatların qlobal təhlükəsizlik sistemi üçün olduqca ciddi risk yaratdığını bildirib. Və o, birmənalı şəkildə vurğulayıb ki, belə yolverilməz hücumlar yalnız Ukraynanın deyil, eləcə də bütün Avropa məkanının təhlükəsizlik problemidir.

Bu baxımdan, hazırda əsas qlobal narahatlıq ondan ibarətdir ki, müharibə zonalarındakı nüvə infrastrukturu ilə bağlı hərbi insidentlər daha genişmiqyaslı siyasi böhranlara səbəb ola bilər. Çünki nüvə obyektləri ətrafında atılan hər hansı təhlükəli addım münqaişə tərəfləri arasında qarşılıqlı ittiham savaşını, əlavə sanksiyaları və hərbi cavab tədbirlərini daha da sürətləndirə biləcək faktordur. Ona görə də, ABŞ-ın Avropa məkanında nüvə strategiyasını daha da genişləndirməsi Rusiyanın eyni məzmunlu cavab addımlarının sərtləşməsinə yol aça bilər. Və Kreml artıq dəfələrlə NATO-nun şərqə doğru genişlənməsini Rusiyanın təhlükəsizlik maraqlarına zidd hesab etdiyini bəyanlayıb.
Göründüyü kimi, müasir dünya artıq olduqca təhlükəli bir mərhələyə daxil olub. Belə ki, bir tərəfdən siyasi-diplomatik kanallar vasitəsilə sülh çağırışları səsləndirilir, digər tərəfdən isə böyük güclər öz hərbi imkanlarını daha da artırırlar. Bu vəziyyət isə öz növbəsində “soyuq müharibə” dövrünü xatırladan yeni geostrateji qarşıdurma mühitini formalaşdırır. Və ona görə də, indi əsas məsələ artıq qətiyyən yalnız dünyada mövcud olan nüvə silahlarının sayında deyil.
Çünki belə anlaşılır ki, indi ən böyük qlobal risk məhz nəhəng dövlətlər arasında hərbi böhran anlarında mümkün nəticələr ilə bağlı yanlış hesablamaların aparılma və qarşılıqlı təhdidlərin nəzarətdən çıxma ehtimalıdır. Üstəlik, Avropada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi onu göstərir ki, beynəlxalq təhlükəsizlik sistemi artıq əvvəlki qaydalar çərçivəsində işləmir. Ona görə də, yeni dünya düzəninin formalaşmaqda olduğu bir dövrdə indi əsas mübarizə yalnız ərazi və təsir deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının gələcək taleyi uğrunda gedir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu