Türkiyə sahilləri yaxınlığında tankerlərə edilən hücumlarla əlaqədar Qara dənizdə mülki gəmilərin hərbi gəmilər tərəfindən müşayiəti ilə təhlükəsizlik dəhlizi yaradıla bilər.
Turkustan.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə türk ekspert Güngör Yavuzaslan deyib.
“2022-ci ildə İstanbulda imzalanan və bir il qüvvədə qalan Qara dəniz taxıl təşəbbüsü çərçivəsində yaradılan taxıl dəhlizinə bənzər bir dəhliz təşkil oluna bilər. Mülki gəmilərin təhlükəsiz üzməsini təmin etmək vəzifəsini Türkiyə Hərbi Dəniz Qüvvələri üzərinə götürə bilər”, - ekspert “CNN Türk” telekanalının efirində bildirib.
Oxşar fikri hərbi ekspert Can Erenoğlu da səsləndirib: “Dünyada açıq dənizdə mülki gəmilərin hərbi müşayiəti nümunələri var. Türkiyə sahilləri yaxınlığında son hücumlarla əlaqədar Qara dənizdə bu cür tədbirlər həyata keçirilə bilər”.
Erenoğlu son hücumun dronlardan istifadə edilməklə həyata keçirilmiş ola biləcəyini istisna etməyib. Hadisənin həyata keçirilmə üsulu barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan “Midvolga 2” tankeri Türkiyə sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Gəminin 13 heyət üzvünün səhhətində heç bir problem yoxdur, yardım istənilməyib.
Bu, son beş gün ərzində Qara dənizdə Türkiyənin xüsusi iqtisadi zonasındakı tankerlərə edilən üçüncü hücumdur. Daha əvvəl bildirilmişdi ki, Qambiya bayrağı altında Rusiyaya yüksüz üzən “Kairos” və “Virat” tankerləri noyabrın 28-də sahildən 28-38 mil məsafədə olarkən SOS siqnalları göndəriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bəyan edib ki, ölkənin xüsusi iqtisadi zonasında tankerlərə edilən hücumlar Rusiya-Ukrayna müharibəsinin təhlükəli şəkildə kəskinləşdiyini göstərir və bunları əsaslandırmaq mümkün deyil./teleqraf