Türkiyə üçün həmrəylik dalğası: Dünya ölkələri başsağlığı verir


Ötən gün Azərbaycandan Türkiyəyə uçan C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində göyərtəsində olan 20 hərbçi həlak olub.

Turkustan.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən liderlər və rəsmilər Türkiyəyə başsağlığı verib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Azərbaycandan Türkiyəyə havalanan və Gürcüstanda qəzaya uğrayan C130 tipli hərbi yük təyyarəsində həlak olan hərbçilərlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gəncədən havaya qalxaraq Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində əsgərlərin həlak olması xəbəri bizi dərindən sarsıtdı”, - Əliyev mesajında ​​bildirib.

Türkiyənin ağrısını paylaşdıqlarını bildirən Əliyev mesajında ​​"Bu çətin zamanda kədərinizi bölüşür, bu faciə ilə əlaqədar Sizə, həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" deyib.

İtaliyadan başsağlığı mesajı

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, Azərbaycandan Türkiyəyə uçarkən Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan hərbçilərlə bağlı başsağlığı verib.

ABŞ-dan başsağlığı

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak sosial media üzərindən paylaşım edərək, hadisə ilə bağlı kədərini bildirib və Türkiyəyə başsağlığı verib.

Yaponiyadan həmrəylik mesajı

Yaponiyanın Ankaradakı səfiri Tamura Masami açıqlamasında Türkiyə ilə həmrəy olduqlarını bildirib:

“Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli yük təyyarəsinin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğraması xəbərini dərin hüznlə öyrəndik. Yaponiya bu faciəvi hadisədə Türkiyə ilə tam həmrəydir.”

Rusiyadan başsağlığı

Rusiyanın Ankaradakı səfirliyi də başsağlığı mesajı yayıb:

“Şəhidlərə Allahdan rəhmət, ailələrinə və dost Türk millətinə səbir diləyirik.”

Tokayevdən Prezident Ərdoğana təsəlli mesajı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində həlak olanlarla bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib.

Tokayev mesajında, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi xəbərindən dərin kədər hissi keçirdiyini bildirərək, Prezident Ərdoğana və qardaş Türkiyə xalqına başsağlığı və səbir diləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ