Son günlər əhali arasında heyvan bazarlarının fəaliyyətinə dair suallar artıb.
Belə ki, ölkədə dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə oktyabrın 25-dən etibarən heyvan bazarları bağlanıb.
Nəticədə ət məhsullarında qıtlıq yaranıb və vətəndaşlar keyfiyyətli ət tapmaqda çətinlik çəkirlər. Hazırda isə xəstəliyin biraz səngiməsi bazarların açılacağı barədə ümid yaradıb.
Bəs heyvan bazarları nə zaman açılacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib ki, heyvan bazarlarında rekonstruksiya işləri davam edir:
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Hazırda bazar rəhbərlikləri agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir. Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir”.
O qeyd edib ki, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür:
“Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir.
Heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək”.