“Ermənistana benzin daşınırdı, nazir müavini dedi ki...“ - Polkovnikdən SENSASİON AÇIQLAMA


"Birinci Qarabağ müharibəsinin odlu-alovlu günlərində strateji resurslarımızın, o cümlədən yanacağın Ermənistana satılması üzrə faktlar təkcə bir qrup şəxsin tamahkarlığının və mənəviyyatsızlığının təzahürü deyil, həm də dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsinin acı göstəricisi idi".

Bunu "Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin keçmiş rəisi, istefada olan polis polkovniki Rahib Qarayev bildirib.

O qeyd edib ki, həmin dövrdə həqiqətən Azərbaycandan Ermənistana yanacaq daşınırmış:

"Bəli, həqiqətən də bu, belə idi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başlamışdı. Ən vacib vəzifə isə ölkə daxilindəki xaosu dayandırmaq idi".

Ehtiyatda olan polis polkovniki vurğulayıb ki, Ermənistana yanacaq satılmasının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin üzərinə də böyük, həm də məsuliyyətli vəzifələr düşürdü:

"Ölkənin hər yerində olduğu kimi qərb bölgəsində də özbaşınalıq hökm sürürdü. Daxili işlər nazirinin birinci müavini, general-mayor Zahid Dünyamalıyevin rəhbərliyi ilə Gəncəbasarda yanacağın ölkə ərazisindən qanunsuz yollarla çıxarılmasının qarşısını almaq məqsədilə reyd keçirilirdi.

O vaxt mən nazirliyin Mətbuat xidmətinin əməkdaşı kimi reyddə iştirak edir, nazir müavininin tapşırığına uyğun olaraq çəkilişlər aparırdım.

Heç yadımdan çıxmaz, reyd zamanı çəkdiyimiz vacib bir videokaset Bakıya çatmalı, nazirə məruzə olunmalı, axşam Dövlət Televiziyasının "Xəbərlər" proqramında göstərilməli idi. Buna isə çox az vaxt qalırdı. Tovuzdan Bakıya qədər olan 450 kilometr yolu qət etmək kimi bir məsələ də vardı qarşıda. Amma 3-4 saata necə?

Gəncəli həmkarlarımın köməkliyi ilə Bakıya uçan təyyarəyə mindim. Ayaq üstə dayanmaqla olsa da 1 saata paytaxta gəldim. Az sonra Az.TV-nin "Xəbərlər" proqramı reyddən hazırladığımız süjeti göstərirdi...".


MANŞET XƏBƏRLƏRİ